Accessibility links

Britaniyanın müdafiə naziri: Qara dəniz Rusiyaya məxsus deyil


Odessa limanına çatmış Britaniyanın HMS Echo gəmisi

Britaniya hərbi-dəniz donanmasının çoxməqsədli hidroqrafik gəmisi Odessa limanına çatıb.

Dekabrın 21-də gəmiyə baş çəkmiş Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson gəminin Ukraynaya gəlməsini “Rusiya prezidenti Vladimir Putin üçün güclü siqnal” olacağı və bu addımın Rusiya ilə qarşıdurmada olan Ukraynaya dəstək demək olduğunu bildirib.

Başqa Britaniya gəmilərinin də Qara dənizə gələcəyini bildirən Uilyamson əlavə edib ki, Britaniya gəmilərinin orda iştirakı daimi olacaq.

Hidroqrafik HMS Echo gəmisi Qara dənizə Rusiyanın Ukraynanın 3 hərbi gəmisini tutmasından sonra, dekabrın əvvəllərində yola düşmüşdü. Britaniyalı nazir həmin vaxt həbs olunmuş 24 Ukrayna hərbçisinin ailə üzvlərinə də baş çəkib. Hazırda onların hamısı Moskvada həbsdədirlər.

ABŞ Dövlət Departamenti də elə həmin gün - dekabrın 21-də Ukraynanın hərbi dəniz donanmasına maliyyə yardımının 10 milyon dollar artırıldığını bəyan edib.

BBC-nin məlumatına görə, Britaniya gəmiləri Qara dənizdə rotasiya qaydası ilə bir-birilərini əvəz edəcəklər, amma praktiki Britaniyanın orda iştirakı daimi olacaq.

1936-cı ildə imzalanmış Montre konvensiyasına görə, Qara dənizə çıxışı olmayan ölkələrin hərbi gəmiləri orda 21 gündən artıq qala bilməzlər.

Qevin Uilyamsonun sözlərinə görə, Britaniya gəmilərinin Odessa kimi limanlara gəlməsi onların hərbi-dəniz gəmilərinin Qara dənizdə fəaliyyət göstərmək hüququnun nümayişi kimi vacibdir. “Qara dəniz Rusiyaya məxsus deyil, bu beynəlxalq dənizdir.” – deyə nazir bildirib.

XS
SM
MD
LG