Accessibility links

Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi və Ermənistan Təhlükəsizlik Şurasının katibi görüşüb


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Mayın 2-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşüb.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter hesabında məlumat yayıb.

“Hikmət Hacıyev və Armen Qriqoryanı Brüsseldə bu formatda ikinci görüş üçün qarşılamaqdan şadam,” Toivo Klaar qeyd edib.

Aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.

Avropa İttifaqının görüşün yekunları ilə bağlı yaydığı bəyanat açıqlayıb.

“Prezident Mişel həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırıldı.

Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq. Bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması razılaşdırılıb.

Birgə Sərhəd Komissiyasının mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

Prezident Mişel həmçinin vurğuladı ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqlədi.

Liderlər Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazırdır.

Liderlər görüşlərinin nəticələrini izləmək və əlaqələri davam etdirmək barədə razılığa gəliblər,” sənəddə qeyd edilir.

Brüssel razılaşmasından sonra aprelin 9-da Azərbaycan Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilən görüşə dair fikir mübadiləsi aparıb.

Ermənistanın Baş Naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya səfər edib, Rusiya Prezidenti Valdimir Putinlə görüşü zamanı postmünaqişə dövrü ilə bağlı müzakirə aparılıb.

Aprelin son ongünlüyündə ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer və Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ayrılıqda Ermənistan və Azərbaycanda ölkə liderləri ilə görüşlər keçirib.

Aprel ayında həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında iki dəfə telefon danışığı olub. Hər iki tərəfin rəsmi məlumatında bildirilib ki, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG