Accessibility links

Brüsseldə bıçaqlanma hadisəsində bir polis məmuru ölüb, biri yaralanıb


Brüssel rəsmiləri cümə axşamı iki polis məmuruna bıçaqla hücum etməkdə və birinin öldürülməsi, digərinin yaralanmasında şübhəli bilinən şəxsin terrorizmə nəzarət siyahısında olduğunu bildirib.

Prokurorluğun sözçüsü Erik van der Sipt mətbuat konfransında bildirib ki, iki zabit Brüsselin şimal hissəsində işıqforun qırmızı işığında öz xidməti avtomobilində oturarkən hücuma məruz qalıb. Van der Sipt bildirib ki, şübhəli şəxs hücum edərkən ərəbcə “Allah böyükdür” ifadəsi olan “Allahu əkbər” deyə qışqırıb.

Avtomobili idarə edən zabit boyun nahiyəsindən bıçaqlanıb və aldığı xəsarətlərdən xəstəxanaya aparıldıqdan sonra həyatını itirib. Sərnişin oturacağında olan zabit qolundan bıçaqlanıb, lakin radio vasitəsilə kömək çağıra bilib. Zəngə cavab verən başqa bir polis əməkdaşı gəldiyi zaman şübhəliyə atəş açıb və onu yaralayıb.

Van der Sipt 23 yaşlı şübhəlinin milli təhlükəsizlik agentliyi OCAD/OCAM-ın radikal müsəlmanlar siyahısında olan Belçika vətəndaşı olduğunu açıqlayıb. Mətbuat katibi şübhəlinin sağaldıqan sonra dindiriləcəyini bildirib.

Prokurorluğun bildirdiyinə görə, şübhəli şəxs cümə axşamı günü Brüssel polis bölməsinə gedib və onların sözlərinə görə, o, “əqli cəhətdən narahat” vəziyyətdə olub və kömək istəyib. Onlar onun müayinə üçün psixiatriya xəstəxanasına aparıldığını və bir müddət sonra oradan ayrıldığını bildiriblər.

Belçikanın Baş naziri Aleksander De Kru Twitter hesabından hücuma cavab olaraq, “Polislərimiz vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün hər gün həyatlarını riskə atırlar. Bugünkü drama bunu bir daha nümayiş etdirir. Mərhum zabitin ailəsi və dostlarının yanındayıq”.

XS
SM
MD
LG