Accessibility links

Çağdaş Amerika demokratiyası zəngin qurucu ataların tam təsəvvür etdiyi kimi deyil


1700-cü illərin sonlarında İstiqlaliyyət Müharibəsində və Konstitutsiyanın yazılmasında iştirak edilmiş dövlət baniləri ABŞ-ın qurucu ataları hesab olunur.
1700-cü illərin sonlarında İstiqlaliyyət Müharibəsində və Konstitutsiyanın yazılmasında iştirak edilmiş dövlət baniləri ABŞ-ın qurucu ataları hesab olunur.

Amerikanın qurucu ataları Konsitutsiyanı hazırlayıb imzaladıqları zaman 13 koloniyanın ən varlı insanlarından idilər və onlar yeni qurulan ölkəyə elə bu cür insanların rəhbərlik edəcəklərinə ümid edirdilər.

“Buranın heç vaxt birbaşa demokratiya olacağı, bütün amerikalıların bütün məsələlər üzərində səs verəcəyi nəzərdə tutulmamışdı,” Mərkəzi Miçiqan Universitetinin professoru Endryu Vehrman bildirir. “Onlar səsvermənin zəngin və təhsilli insanlar üçün nəzərdə tutulduğunu düşünürdülər, amma bütün digər siyasi iştirak növlərini məhdudlaşdırmaq da istəmirdilər."

Qurucu atalar yoxsul və savadsız zümrənin mənsublarından bilvasitə, yerli hökumətləri vasitəsilə, bələdiyyə iclaslarında, görüşlərdə və boykot kimi etiraz əməlləri vasitəsilə iştirak etməyi məqbul sayırdılar.

Qurucu ataların bəziləri ələlxüsus populizm və oxlokratiyadan ehtiyat edirdilər.

“Bunlar elə adamları idilər ki, onlar demokratiyanın çirkli söz olduğunu düşünürdülər. Hətta Con Adams buna bənzər şeylər deyirdi. O, yoxsul insanların səs verməsini istəmirdi, o, qadınların səs verməsini istəmirdi,” Vehrman deyir.

Amerika Birləşmiş Ştatlarının ilk prezidenti olmuş Corc Vaşinqton torpaq sahibi olan ailədə doğulmuş və zəngin dul qadınla evlənmişdi.
Amerika Birləşmiş Ştatlarının ilk prezidenti olmuş Corc Vaşinqton torpaq sahibi olan ailədə doğulmuş və zəngin dul qadınla evlənmişdi.

Pennsilvaniya Universitetində Amerika tarixi professoru Bryus Kuklik deyir ki, Konstitutsiyanı yazanlar demokratiya ilə bağlı indiki amerikalılardan fərqli düşüncələrə sahib idilər.

“Qurucular bu cür demokratiyanı qətiyyən istəmirdilər. Konstitutsiya elə yazılıb ki, vətəndaşlıq hüquqları xeyli məhduddur. Onları demokratiya narahat edirdi... Bu, hökumətin pis forması idi, çünki hər kəsin iştirakına icazə veriləndə, demaqoqun lider seçilmək ehtimalı artır. Ehtimal var idi ki, kütlənin ehtiraslarına xitab edən insanlar hakimiyyətə gələcək. Bu düşüncə keçmişdə qalıb,” o deyir.

Vehrman qeyd edir ki, Konstitutsiyanı yazanlar federal hökumətin yalnız bir qolunun - Nümayəndələr Palatasının birbaşa xalq tərəfindən seçilməsini nəzərdə tuturdular. Seçicilər Kollegiyası prezidenti seçir, ali baş komandan Ali Məhkəmə hakimlərini seçir, və əvvəl senatorlar ştatların qanunverici orqanları tərəfindən seçilirdilər.

“Bu, böyük qrup insanın birbaşa olaraq siyasi prosesdə iştirak etməsinin qarşısını almaq cəhdidir,” Kuklik deyir. “Onlar çox sayda savadsız, yoxsul insanların səsvermə hüququ əldə etmələrinin qarşısını almaq üçün Konstitutsiyaya bir neçə məhdudiyyətlər salıblar.”

ABŞ senatorları 1913-cü ildə ABŞ Konstitutsiyasına 17-cü düzəlişin qəbul edilməsindən sonra birbaşa xalq tərəfindən seçilməyə başladılar.

Bencamin Franklin, Con Adams və Tomas Cefferson
Bencamin Franklin, Con Adams və Tomas Cefferson

“Aydındır ki, Konstitusiya ştatların qanunverici orqanlarının gördüyü bəzi tədbirləri məhdudlaşdırmaq üçün yazılıb. Ceyms Medison və Aleksandr Hamilton kimi insanlar düşünürdü ki, bəzi ştatların qanunverici orqanları və seçicilər ifrata varıb, həddən artıq çox insan siyasətlə məşğul olur, həddən çox insan səs verir,” Vehrman deyir.

Məsələn, Nyu Cersi müəyyən əmlaka sahib olan sakinlərə səsvermə haqqı vermişdi. Buna qadın və afrikalı amerikalılar daxil idi ki, onlar 1776-cı ildən 1807-ci ilə qədər səs verə bilirdilər, amma 1807-ci ildə ştat səsvermə hüququnu ağ kişilərə məhdudlaşdırdı.

“Onlar (qurucular) ştat qanunverici orqanlarında çox səsin olduğunu, ştatların çox radikal olduğunu, onların zəngin, təhsilli, biznes maraqları olan insanların qulluğunda durmaq əvəzinə adi insanların maraqları qarşısında öhdəliklərinin olduğunu düşünürdülər,” Vehrman deyir.

Bəs Aleksandr Hamilton, Con Adams və Konstitutsiyanın müəllifləri bu günün Amerikası haqda nə düşünərdi?

“Düşünürəm ki, onlar yaratdıqları ümumi çərçivənin hələ də mövcud olduğunu görməkdən məmnun qalardılar,” Vehrman bildirir.

Ceyms Madison
Ceyms Madison

Onlar hətta dəyişikliyə də açıq ola bilərdilər, çünki onlar özləri Konstitutsiyaya dəyişiklik etmək prosesini də Konstitutsiyaya daxil ediblər. Onlar hətta 1804-cü ildə 12-ci düzəlişi qəbul etməklə həmin prosesdən faydalanıblar. 12-ci düzəliş Seçicilər Kollegiyasının prezident və vitse-prezidentə verdiyi səsləri ayırıb. Bununla rəqib partiyalardan siyasi rəqiblərin prezident və vitse-prezident olaraq eyni administrasiyada xidmət göstərməsinin qarşısı alınıb.

Bununla belə Kuklik deyir ki, qurucu atalar bu günün standartlarına görə mürtəce hesab olunardı.

“Onlar Amerikanın bu nöqtəyə gəlməsini istəməzdilər. Birləşmiş Ştatların 19-cu əsrdə yaşadığı ən ecazkar transformasiyalarından biri odur ki, biz hökumətdə çox məhdud sayda insanın iştirak etməli olduğuna dair baxışdan insanların tamamilə demokratik qəbul etdiyi bir sistemə çevrilmişik.”

Bugünkü demokratiya tamamilə qurucu ataların xəyal etdiyi kimi olmasa da, pul və qüdrət hələ də ABŞ siyasətində mühüm rol oynamaqda davam edir. Amerika prezidentlərinin əksəriyyətinin varlı olduqlarını nəzərə alsaq, qurucuların hökumətdə zənginlər üçün xüsusi yer ayırmaq məqsədi mahiyyət etibarilə gerçəkləşib.

XS
SM
MD
LG