Accessibility links

"Bu, həyat deyil" - Polşadakı azərbaycanlı miqrantlar məyusluqlarını ifadə edirlər


OC Media azərbaycanlı miqrantların Polşadakı həyatı barədə məqalə dərc edib. Məqalədə deyilir ki, azərbaycanlı işçilər üçün Polşada həyat Avropa xəyalından çox uzaqdır. Onlar uzun saatlar, ağır şəraitli işlərdə işləyirlər.

“Mən 12 saat işlədikdən sonra evə gəlirəm, tez nəsə yeyib, yatıram. Bu, həyat deyil. Bu rejim hər gün təkrarlanır” - Polşada yaşayan azərbaycanlı miqrant işçi Kamran (adı şərtidir) oradakı həyatı belə təsvir edir.

Məqalə bildirilir ki, Kamran 2018-ci ildə Azərbaycandan Polşaya köçüb. O, Çexiya ilə sərhəddə yerləşən Skoczov şəhərində maşın sənayesi üçün parçalar istehsal edən zavodda işləyir. O, gündə 12 saat, həftədə altı gün işləyir.

Bəzi fabriklər insan sağlamlığı üçün çox zərərlidir. Məsələn dəri zavodu. Orada işləyən bəzi gürcülər zərəli kimyəvi maddələrə tab gətirmədilər və qaçdılar.

Onun işlədiyi zavodda çox sayda şərqi avropalı işləyir. Onlar arasında azərbaycanlılar, ukraynalılar, gürcülər və ermənilər var. Onlar yerli işəgötürənlər tərəfindən ucuz və etibarlı işçi qüvvəsi olaraq görülür.

Kamran Skoczovda qısamüddətli yaşayış icazəsi ilə yaşayır. Keçmiş jurnalist olan Kamran deyir ki, Azərbaycanda aldığı 600 manatlıq maaşla ailəsini dolandıra bilmirdi.

“Azərbaycanda heç bir ümidim yox idi. Ən azı indi Bakıya ailəmi dolandırmaq üçün bir az pul göndərə bilirəm. Ümid edirəm ki, tezliklə onları buraya gətirə biləcəyəm,” o deyir.

Məqalədə yer alan məlumata görə, 2015-ci ildə neft qiymətlərinin kəskin düşməsi ilə yaşanan tənəzzül nəticəsində çox sayda gənc Azərbaycanı tərk edərək Avropa İttifaqı, Türkiyə və Rusiya kimi yerlərə üz tutub. Avropa İttifaqının statistika komitəsi Eurostatın məlumatına görə, 2018-ci ildə Avropa İttifaqında 30 min Azərbaycan vətəndaşı qeydiyyatdan keçmişdi. Lakin bu rəqəm həqiqəti tamamilə əks etdirmir, çünki həmin statistikada Fransa və İspaniya daxil olmaqla, bir neçə ölkədən məlumatlar əks olunmur.

“Avropadakı azərbaycanlıların böyük əksəriyyəti Almaniyada yaşayır, lakin Polşanın sürətlə inkişaf edən iqtisadiyyatı Azərbaycandan çox sayda miqrant cəlb edib. Polşanın Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, 2017-ci ildə Polşada yaşayan Azərbaycan vətəndaşlarının sayı bir il öncə ilə müqayisədə yeddi dəfə artıb,” məqalədə yazılır.

Azərbaycan vətəndaşları Avropada işləyə bilmək üçün viza əldə etməlidirlər. Kamran deyir ki, onun həmvətənlərinin çoxunun vizalarını ucuz əmək axtaran vasitəçilər təşkil edib.

Polşaya üz tutmuş azərbaycanlı miqrantların sayı son illərdə xeyli artıb.

Lakin məqaləyə əsasən, bir çox miqrant işçi Polşaya gəlmədən öncə onlara vəd edilən işlərlə təmin olunmadıqlarını deyir. Kamran deyir ki, bir çoxları fabriklərdə pis şərait altında işləməyə məcbur edilir.

“Bəzi fabriklər insan sağlamlığı üçün çox zərərlidir. Məsələn, dəri zavodu. Orada işləyən bəzi gürcülər zərəli kimyəvi maddələrə tab gətirmədilər və qaçdılar”, o söyləyir.

“İşçilər uzun saatlar işləməyə vadar edilir. Vasitəçi şirkətlər işəgötürənlərlə əlbir olub, Polşa qanunlarından yan keçir. Qanuna əsasən işçilər gündə 8, həftədə 40 saat işləyə bilərlər. Lakin bu işçilər daha uzun saatlar işləyir və bəzən onlara əlavə pul ödənilir”, məqalədə bildirilir.

Kamranın müqaviləsinə əsasən ona 8 saatliq iş günü üçün rəsmi olaraq aylıq 600 dollar ödənməlidir. Amma o, OC Mediaya hər gün 12 saat işlədiyini və əlavə saatlar üçün qeyri-rəsmi ödəniş aldığını deyib. O, qeyri-qanuni işlədiyi əlavə saatlar üçün aylıq 100 dollar qazandığını bildirir. Kamran hər ay ailəsinə 500 dollar göndərdiyini deyir.

Avropa Miqrasiya Şəbəkəsindən Aqata Zurav OC Media-ya bildirib ki, Polşada çox az sayda miqrant onlara maaşlarının artmasına və iş şəraitlərinin yaxşılaşdırılmasına kömək edə biləcək həmkarlar ittifaqları və ya miqrantların haqlarını müdafiə edən təşkilatlara qoşulur. İşçilər qorxur ki, haqlarını tələb etmək onların ölkədəki hüquqi statuslarına xələl gətirəcək, çünki onların çoxunun iş icazələri konkret iş yerlərinə bağlıdır.

Polşadakı miqrantlar; hüquqi haqları maraqlandırmır. Onlar təkcə pul haqda düşünür.

“Polşadakı miqrantları hüquqi imtiyazlar maraqlandırmır. Onlar təkcə pul haqda düşünür,” Polşada azərbaycanlı miqrantlar üçün iş müqavilələri təşkil edən vasitəçi Elşən (ad şərtidir) deyir. Onun sözlərinə görə, ötən il iş axtarışında olan 100 miqrant onunla əlaqə saxlayıb. O, zavodlar və tikinti şirkətləri ilə miqrantlar arasında imzalanan müqavilədən pay alır.

“Bəziləri deyir ki, miqrantlara vəd edilən iş və pul verilmir. Amma əslində onlar bura heç bir iş və qalmağa yerləri olmadan gəlirlər və pullarının olmamasına təəccüblənirlər” , Elşən deyir. O, bəzən miqrantlara da pulsuz yardım etdiyini söyləyir.

Azərbaycanlı miqrantlar Elşəni sosial şəbəkələrdəki reklamlar, ya da ortaq tanışları vasitəsilə tapır. OC Media bildirir ki, nəzər saldığı bəzi Facebook qruplarında azərbaycanlılara Polşada zavodlar və inşaatlarda işləmək təklif olunur. Reklamlarda onlara saatına 3-3.80 dollar arasında pul təklif olunur. Bu isə qanuni minimum saatlıq əmək haqqından daha azdır.

Teymur Azərbaycandan daha yaxşı iş tapmaq məqsədi ilə 2017-ci ildə ailəsi ilə birlikdə Varşavaya köçüb. “Aylıq maaşım 700 manat idi. Mən o pulla ailəmi dolandıra bilmirdim. Bu, mümkün deyil”, o deyir.

O, əvvəl Kanadaya köçməyi planlaşdırırdı. Vasitəçi ona lazımı sənədləri əldə etməyə və iş tapmağa yardım edəcəyinə söz vermişdi, amma daha sonra onun yalnız Polşaya gedə biləcəyini deyib.

“Onlar mənə aylıq 1000 avro maaşı olan iş tapmağa yardım edəcəklərini demədən öncə mən agentliyə artıq 4500 avro ödəmişdim - hər ailə üzvü üçün 1500 avro. Varşavada hər şey mənə vəd olunan kimi deyil”, o deyir. Teymur kabab restoranında iş tapıb və aylıq 560 dollar maaş alır.

“Mənim kirayəm elə 380 dollardır. Ailəmi bu pulla dolandıra bilməzdim”, Teymur söyləyir.

O, daha sonra inşaat sektorunda da başqa bir iş tapıb, amma son maaşından 300 dollar kəsildiyin deyir. Milli Əmək İnspektorluğuna şikayət etsə də, onun məsələsi ilə bir ildən çox müddət maraqlanmayıblar.

OC Media Milli Əmək İnspektorluğu və All-Poland Həmkarlar İttifaqları Alyansına məsələ ilə bağlı suallar ünvanlasa da, hələ ki, cavab almayıb.

Varşava Universitetinin Miqrasiya Araşdırmaları Mərkəzində işləyən Dr. Vitold Klaus OC Media-ya bildirib ki, Polşada zəif qanuni çərçivələr QHT-lərin miqrantlarIn haqlarının qorunmasın təmin etməsini çətinləşdirir.

Klaus deyir ki, çox az sayda miqrant üzləşdikləri çətinliklər səbəbilə hüquq sistemindən yararlanır.

OC Media-nın məlumatına görə, bu il Azərbaycan hökümətinin Diasporla İş üzrə Dövlət Komitəsi Polşadakı azərbaycanlı miqrantları pulsuz hüquqi yardımla təmin etməyə başlayıb. Komitənin nümayəndəsi Rəsul Məmmədov OC Media-ya bildirib ki, quruma diskriminasiya ilə əlaqədar indiyədək üç şikayət daxil olub, hərçənd ki, onlar daha çox bənzər insidentlərin olduğundan agahdırlar.

XS
SM
MD
LG