Accessibility links

Milli Məclis 2018-ci ilin dövlət büdcəsini təsdiq edib


Büdcə

Dekabrın 1-də Azərbaycan Milli Məclisi 2018-ci il üçün dövlət büdcəsini təsdiq edib.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiqlənib. Əlavə xərclər 141,3 mln. manat təşkil edəcək.

Əlavə olaraq 500 min manat siyasi partiyaların maliyyələşdirilməsinə yönəldiləcək. QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsinə 600 min manat, parlamentin ehtiyaclarına 1,2 mln. manat ayrılacaq.

Samir Şərifov
Samir Şərifov

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, Energetika Nazirliyinin xərcləri, Polşadakı ticarət nümayəndəliyi, Bakıdakı sahibsiz heyvanların müdafiəsi üçün 3,8 mln. manat ayrılacaq.

Beləliklə, 2018-ci il üçün dövlət büdcəsinin kəsiri 920 mln. manat (ÜDM-in 1,3%-i) səviyyəsində proqnozlaşdırılır.

Dövlət Neft Fondundan transfert 9 mlrd. 216 mln. manat (bütün gəlirlərin 45,8%-i) təşkil edəcək.

2018-ci ildə müdafiəyə 2 mlrd. 738 mln. manat, sosial müdafiə və sosial təminata 2 mlrd. 197 mln., təhsilə - 2 mlrd. 1,498 mln., səhiyyəyə - 740,661 mln. manat, ümumdövlət xərclərinə 3 mlrd. 620 mln. manat ayrılacaq.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, 2018-ci ilin büdcənin hər 100 manatından 38 manatı tikintiyə, hər 100 manatından ən azı 25 manatı korrupsionerlərə, 3 manat 63 qəpiyi polisə, 3 manat 50 qəpiyi müəllimə, 2 manat 50 qəpiyi məmura, 1 manat 30 qəpiyi həkimə, 1 manat 16 qəpiyi mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi işçilərinə, 63 qəpiyi elmi işçiyə çatacaq.

“Bu nə qədər ədalətli bölgüdür?”, o sual edir.

İbadoğlunun sözlərinə görə, 2018-ci ildə büdcə kəsiri 920 milyon manata çatacaq.

“Bu Azərbaycanın müstəqilliyi tarixində ən böyük büdcə kəsiridir”.

Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 2017-ci ilin büdcə gəlirlərindən 3 milyard 361 milyon manat çoxdur.

“Bunun 3 milyard 216 milyon manatı Neft Fondundan gələcək. Yerdə qalan 145 milyon manatı digər mənbələrdən təmin ediləcək”, o qeyd edib.

“Bu hansı inkişafın göstəricisidir?” alim hökumətdən sual edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG