Accessibility links

2019-cu ilin dövlət büdcəsi layihəsi - rəsmi və müxalif münasibət


Büdcə
Büdcə

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılıb.

Dövlət büdcəsinin parametrləri

2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Büdcə
Büdcə

2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Gələn il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində proqnozlşdırılıb. Büdcə xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 mln. manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 mln. manat proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 mln. manat məbləğində müəyyən edilib. Büdcə layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı göstərilib. Dövlət büdcəsi kəsirinin 2019-cu ildə ÜDM-ə nisbəti 2,3% təşkil edəcəyi nəzərdə tutulub.

“2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

"Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb.

2019-cu ildə Fondun xərcləri 3 928,1 mln. manat olacağı nəzərdə tutulub.

Samir Şərifov: “Büdcənin neftdən asılılığı azaldılacaq”

Samir Şərifov
Samir Şərifov

Maliyyə naziri Samir Şərifov bildirib ki, yeni büdcə qaydası neftdən asılılığın azaldılmasına yönəlib.

“Yəni, neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki, bu, ikinci zərbə kimi endirilmiş olacaq. Yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirərkən diqqətli olmalıyıq", nazir qeyd edib.

Onun firkincə, Dövlət Neft Fondundan büdcəyə transfert tədiyyə balansı və valyuta bazarının tənzimlənməsində böyük rola malikdir.

"Fond valyuta bazarına müyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsələni də nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və həmin optimal səviyyəni qarşılamalıdır".

Nazir büdcə gəlirləri ilə bağlı rikslərdən danışıb

Samir Şərifov gəlirlərlə bağlı risk faktorlarına da toxunub.

"Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilomalarımızla bağlı ola bilər. Burada söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyicisi SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə atrır. Nəticə etibari ilə məhsullarını daxili bazarda satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindən müvafiq qaydada yığılacaq".

Nazir hesab edir ki, digər risk neftin qiymətinin azalacağı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər.

"Biz bunu da əhəmiyyətli risk kimi qiymətləndirmirik".

Böyük vergi islahatı gözlənilir

Maliyyə naziri gələn ildə faktiki olaraq böyük vergi islahatına gediləcəyini deyib.

“Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina edirik. Ona görə ki, biz istəyirik iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın və bunun üçün sahibkarlar üçün stimul yaradırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə ARDNF-dən transfert əhəmiyyətli dərəcədə artmır", nazir deyib.

“Manatın məzənnəsinə təzyiqlər artır”

Manat
Manat

Samir Şərifov hesab edir ki, Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır.

“Neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır”, o qeyd edib.

Nazirin sözlərinə görə, xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq.

Mikayıl Cabbarov: “Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılmasını düşünürük”

Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, nazirlik vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənəcəyini proqnozlaşdırır.

"Qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük”, o qeyd edib.

Cabbarov vergidən yayınmanın miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsinin, aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsinin nəzərdə tutulduğunu deyib.

"Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmək üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub", o bildirib.

Ziyafət Əsgərov: “Müdafiə və təhlükəsizlik xərcləri üçün 3,037 milyard manat nəzərdə tutulub”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov bildirib ki, 2019-cu ildə müdafiə və təhlüksəzilik xərcləri üçün 3,037 mlrd. manat vəsait nəzərdə tutulub.

“Bu 2018-ci illə müqayisədə 132,4 mln. manat çoxdur və başa düşüləndir. Ermənistanla müharibə şəraitindəyik, qorunmaq üçün bu sahəyə vəsait ayırmalıyıq. Üstəlik hərbi qulluqçuların sosial müdaifəsinə də xüsusi diqqət ayrılır", Əsgərov qeyd edib.

Əli Məsimli: Azərbaycanda minimum əmək haqqı niyə digər Cənubi Qafqaz dövlətlərindən aşağıdır?

Əli Məsimli
Əli Məsimli

Deputat Əli Məsimli hesab edir ki, iqtisadiyyatın sosial blokla yetərincə əlaqəsi yoxdur.

“Cənubi Qafqazın iqtisadiyyatın üçdə ikisini təşkil edən Azərbaycanda minimum əmək haqqı niyə digər Cənubi Qafqaz dövlətlərindən aşağıdır?”, o sual edib.

Deputat hesab edir ki, ölkə vətəndaşlarının gəlirlərinin strukturu analiz olunmalıdır.

“Büdcədə əmək haqqının payı çox aşağıdır. Neçə ildir ki, Azərbaycanda inflyasiyanın artım tempi əhalinin gəlirlərini üstələyir. İndiyə qədər əmək haqqının artımı inflyasiyanı kompensasiya etməyib. Bununla bağlı ciddi analizlər aparılmalıdır. Büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması istiqamətində gözə görünən, nəzərə çarpan addımlar atılsın”, o qeyd edib.

Zahid Oruc: “Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər”

Zahid Oruc
Zahid Oruc

Deputat Zahid Oruc bildirib ki, "Azərenerji" uzun illər SOCAR-ın xətti ilə dotasiya alan və sonradan borcları silinən qurum olaraq qalır. O sual edib: “Aydınlıq gətirilməlidir ki, "Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?”

Deputat deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynaması ilə öyünür.

“Ölkə prezidenti çox haqlı olaraq "Azərenerji"nin rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlib?”, deputat bu il elektrikin verilməsində saatlarla fasilələrin yaranmasına işarə edib.

Müxalifətdə olan siyasi partiyaların bir çoxu isə diqqəti dövlət büdcəsi ilə bağlı korrupsiya hallarına yönəldib.

Əli Kərimli: “Korrupsiyanın qarşısını almaqla 10 milyardlarla manat pulu xalqa qaytarmaq olar”

Əli Kərimli
Əli Kərimli

“İlham Əliyev hökuməti üçün korrupsiya dövlət siyasətidir. Müxalifətin hökumətə yönəltdiyi korrupsiya ittihamlarını indi hətta hökumətə yaxın deputatlar da təsdiq edir. Əliyevlər dövründə xalqdan 100 milyard dollara yaxın pulun oğurlanması haqda müxalifətin ittihamları tam əsaslıdır. Təkcə gömrükdən mənimsənilən vəsait 27 milyard manat qiymətləndirilirsə, onun üstünə SOCAR, Azərenerji, dəmir yolları, AZAl, vergi, təmir-tikinti və s. vasitəsilə oğurlananları da gәlin. Əhalinin acınacaqlı yaşayışının əsas səbəbi korrupsiyadır. Təkcə korrupsiyanın qarşısını almaqla 10 milyardlarla manat pulu xalqa qaytarmaq, real şәkildә iqtisadiyyatı inkişaf etdirmək, 100 minlərlə iş yeri açmaq, çoxsaylı sosial layihələri həyata keçirmək olar”, AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb.

XS
SM
MD
LG