Accessibility links

“Bugünkü Azərbaycan dövləti sahibinin millət olduğunu tanımır”


“Bugünkü Azərbaycan dövləti sahibinin millət olduğunu tanımır”.

“Respublikaçı Alternativ” Hərəkatının həbsdəki lideri İlqar Məmmədov 28 May - Respublika Günü münasibətilə açıqlamasında belə yazıb.

“Xarici imperialist havadarlarını təmin edən sülalə diktaturası xalqımızı qorxu mühitində saxlayaraq, onu dünyanın elmi, mədəni, ticari, sosial, texnoloji tərəqqisinin ön sıralarına keçməsinə imkan vermir”, - yazan İlqar Məmmədov hazırkı hökuməti tənqid edib:

“Yolunu azmış bu dövlətin qorxduğu bir şey vardır. Bu da, “Millətlərə istiqlal, insanlara hürriyət” ideyasının işığıdır. Bu gün, 100 rəqəmi həmin o cümhuriyyət işığının gücünü ifadə edən, 95 rəqəmi isə, onun qarşısında hörülən neft, qaz və diktat divarının hündürlüyünü ifadə edən ölçü vahidləridir. O divar qanunsuzdur və sökülməlidir. Cümhuriyyət bayramınız mübarək!”

Xatırlatma

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

AİHM hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İlqar Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Bundan sonra, AİHM-in AŞNK-a və Azərbaycan hökumətinə və həbsdə olan İlqar Məmmədova məktub göndərdiyi açıqlanıb.

Onda məsələ ilə bağlı tərəflərə bu il martın 1-nə kimi öz yekun rəylərini çatdırmaqdan ötrü vaxt verildiyi bildirilirdi.

XS
SM
MD
LG