Accessibility links

Bundestaq 'Azərbaycan qalmaqalı' ilə bağlı deputatı cəzalandırır


Karin Strenz

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Hyu Uilliamson təşkilatın saytında dərc olunmuş məqaləsində yazır ki, “bir şeyin heç olmamağındansa, gec olmağı yaxşıdır”.

Məqalədə söhbət Almaniya parlamenti Bundestaqın kansler Angela Merkelin mənsub olduğu Xristian Demokrat İttifaqı (CDU) partiyasından üzvü, 2009-cu ildən millət vəkili olan Karin Strenz-in cəzalandırılmasından gedir.

Deputat Azərbaycan və onlarca Avropa siyasətçisi arasında 2.9 milyon dollarlıq rüşvət qalmaqalındakı roluna görə töhmət alıb.

Almaniyanın ARD telekanalında getmiş verilişdən kadr
Almaniyanın ARD telekanalında getmiş verilişdən kadr

Hyu Uilliamson yazır ki, Karin Strenz Azərbaycanda insan haqlarının bərbad vəziyyətinə baxmayaraq rəsmi Bakını müdafiə etmək kimi bir reputasiyaya malikdir.

Məqalədə deyilir ki, bunun səbəbi 2017-ci ildə açılıb. Məlum olub ki, xanım Strenz Avropa Şurası Parlament Assambleyasında (AŞPA) 2012-2014-cü illərdə Azərbaycan hökumətindən pul və hədiyyələr alan üzlərin arasında olub.

Hyu Uilliamson xatırladır ki, məhz həmin dövrdə AŞPA Azərbaycanda siyasi motivli həbslərlə bağlı həlledici qətnaməni rədd edib.

Məqalədə deyilir ki, Strenz “Azərbaycanın pulyuyan maşını” adlı qalmaqal qopandan bir neçə ay sonra CDU-nun AŞPA-dakı nümayəndə heyətindən xaric edilib.

Yanvarın 18-də nəhayət Bundestaq bu məsələyə baxıb və xanım Strenz-in kənar gəlirlərin bəyan edilməsinə dair parlament qaydalarını pozduğu barədə qərar qəbul edib. Bu barədə Almaniya mediası, o cümlədən Spiegel də yazıb.

Bakı hökumətini təmizə çıxarmaq, seçki monitorinqi ilə manipulyasiya etmək, yalan danışmaq və eyni zamanda varlanmaq maşını düzgün park etməməklə eyni əməl deyil.
Frank Şvabe

Strenz parlamentin qərarını qəbul etdiyini desə də, buna çox etinasız reaksiya verib: “Bəllidir ki, maşını düzgün park etməyəndə, cərimə qəbzi alırsan”.

Bununla belə millət vəkilini çox ciddi cəza gözləyir. İndi o, 60 min avro məbləğində cərimə oluna bilər. CDU və onun koalisiya müttəfiqi Sosial Demokrat Partiyasından olan millət vəkilləri Karin Strenzin deputat mandatından məhrum edilməsinə çağırıblar.

Bundestaq üzvlərindən Frank Şvabe bu barədə Twitter-də yazmışdı: “Bakı hökumətini təmizə çıxarmaq, seçki monitorinqi ilə manipulyasiya etmək, yalan danışmaq və eyni zamanda varlanmaq maşını düzgün park etməməklə eyni əməl deyil”.

Uilliamson-un fikrincə Bundestaq xanım Strenz barədə ölçü götürməkdə bəlkə də ləngliyə yol verib, lakin o bütün başqa milli parlamentlərdən daha cəld tərpənib. Beləliklə? Strenz Azərbaycandan pul almasının siyasi nəticələri ilə üzləşən ilk millət vəkili olub.

Məqalədə deyilir ki, AŞPA özünün 16 keçmiş üzvünü Strasburqdakı qərargahından xaric edib, amma Avropanın aparıcı insan haqları qurumu olan Avropa Şurasının əsasını sarsıtmış bu siyasətçilərlə bağlı mahiyyət etibarilə ciddi nəsə baş verməyib.

Sonda Uilliamson ümid etdiyini yazır ki, İspaniya, Belçika və üzvlərinin bu qalmaqalla qarışacağı olan başqa parlamentlər də tezliklə Bundestaqdan nümunə götürəcəklər:

“Bu, Azərbaycanda, bütünlüklə Avropada insan haqlarının müdafiəsinə qalxmaq məsələsidir”.

AzadlıqRadiosu

XS
SM
MD
LG