Əfqanıstanın Cəlalabad şəhərində intiharçı hücumu 10 nəfərin ölümünə səbəb olub. Hücum zamanı 4 nəfər xəsarət alıb.
Pakistanla sərhəd bölgədəki keçid məntəqəsində hücumçu bədəninə sarıdığı partlayıcını işə salıb.
Ölənlər arasında Əfqanıstanın 2 kəşfiyyat agenti və 8 mülki vətəndaş olub.
Şahidlər Amerikanın Səsinə bildirib ki, təhlükəsizlik işçiləri maşınları yoxlayarkən hücumçu onlara yaxınlaşaraq özünü partladıb.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
Cari ayın əvvəlində intiharçı hücumu nəticəsində 19 nəfər həlak olub. Onlar arasında 10 nəfəri Nanqarhar vilayətinin Hindu və Six icmalarının üzvü olub.
Hücum insanların Cəlalabad şəhərində prezident Əşrəf Qani ilə görüşə getdikləri vaxt həyata keçirilib.
Regional polis idarəsinin rəisi, general Qulam Sənayi Amerikanın Səsinə 20-dən çox adamın yaralandığını bildirib.
İŞİD və Talibanın fəal olduğu bu vilayətdə hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.
Bundan bir neçə saat əvvəl İslam Dövləti yaraqlıları olduğundan şübhələnilənlər təhlükəsizlik qvardiyasının 3 üzvünün başını kəsib. Onlar Nanqahar vilayətindəki dövlət məktəbini mühafizə edirdi.