Accessibility links

Cəmil Həsənli hakimiyyəti siyasi məhbusları Qərblə alver predmetinə çevirməkdə ittiham edir


“Nə qədər ki, Qərbdə Əliyevlərin qanlı əlini sıxan tapılacaq, bu qan-qada hələ çox qurbanlar tələb edəcək,” Milli Şura sədri Cəmil Həsənli Facebook-da paylaşdığı rəydə Azərbaycan Xalq Cəbhəsi Partiyası fəallarına qarşı təqibləri dəyərləndirib.

Onun sözlərinə görə, həbslərin məqsədi siyasi məhbusları alver predmetinə çevirib Qərb liderləri ilə görüş qazanmaqdır.

“Bu həbslər, işgəncələr, insan əzabları bir həddə çatdıqdan sonra bunların Qərbdəki lobbiləri Qərb ofislərinə ideyalar verəcəklər ki, oturub bu məsələləri Əliyevlə müzakirə etmək lazımdır. Məhv edilən insan taleləri, elektrik cərəyanı verilən insan bədənləri, insanın qan sızan cinsiyyət orqanları üzərindən bunlar siyasət alveri edirlər,” Həsənli yazıb.

Öz yazısında Milli Şura sədri iddia edir ki, hazırda həbsdə saxlanılan AXCP fəalı Niyaməddin Əhmədova ağır işgəncələr verilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti AXCP fəalı Niyaməddin Əhmədovun həbsi ilə bağlı yaydığı rəsmi açıqlamada onu “Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr”in olduğu Qabil Məmmədovla əlbir olmaqda ittiham edib.

Niyaməddin Əhmədov barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına 19 mart təbrikində müxalifəti "beşinci kolon" və "satqın" adlandırmış və onların təcrid olunmasının zərurətə çevrilə biləcəyini demişdi.

“Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur” - deyə, Əliyev müxalifət fəalları haqda bildirib. “Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq.”

Həmin çıxışdan bəri müxalifət lideri Tofiq Yaqublu və çox sayda AXCP fəalı müxtəlif ittihamlarla həbs olunub.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri və beynəlxallq insan haqları təşkilaları Azərbaycan hökumətini pandemiyadan sui-istifadə etməkdə ittiham ediblər.

Çərşənbə günü Human Rights Watch yaydığı bəyanatda Azərbaycan hökumətini Tofiq Yaqublunu həbsdən azad etməyə çağırıb.

Milli Şura sədri Cəmil Həsənli hesab edir ki, İlham Əliyev hökuməti periodik olarq müxalifət fəallarını və jurnalistləri həbs etməklə onları Qərblə alver predmetinə çevirir. Onun sözlərinə görə, AXCP lideri Əli Kərimlinin həbsinə gedən hazırlıq da gələcəkdə Qərb liderləri ilə görüşmək üçün sövdələşmə predmeti əldə etmək niyyəti daşıyır.

AXCP bildirir ki, partiyanın sədri Əli Kərimli və ailəsi artıq bir aydan çoxdur ətraf aləmdən tamamilə təcrid şəraitində saxlanılır: internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG