Accessibility links

Cəmil Həsənli: “Sədəqə mədəniyyət işçilərinin asılı vəziyyətə salınmasıdır”


Cəmil Həsənli: “Sədəqə mədəniyyət işçilərinin asılı vəziyyətə salınmasıdır”
please wait

No media source currently available

0:00 0:06:38 0:00

Milli Şuranın sədrinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Azərbaycan prezidentinin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərə münasibət bildirib.

Amerikanın Səsi: Azərbaycan prezidentinin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərə münasibətiniz necədir?

Bütün bədəni sızıldayan məmləkətin ağrısının ifadəsini biz orada görmədik.

Cəmil Həsənli: Əlbəttə, bu görüş bir fürsət idi. Bir imkan idi ki, ölkədə real vəziyyət, xalqın vəziyyəti ölkə başçısının diqqətinə çatdırılsın. Ziyalı nədir? Ziyalı ağrının ifadəsidir. Bütün bədəni sızıldayan məmləkətin ağrısının ifadəsini biz orada görmədik. Ziyalı borcu var, ziyalı öz imtiyazlarına görə ziyalı deyil. Ziyalı öz rəhbərlik etdiyi, yaxud, təmsil olunduğu müəssisənin problemlərinə görə ziyalı deyil. Yaxşı ədəbiyyat adamı ola bilər, sənət adamı ola bilər, rəssam ola bilər. Bu, bir sənət, ədəbiyyat məsələsidir. Amma kimsə ziyalılığa iddialıdırsa, ziyalı xalqın təmsilçiliyi deməkdir. Biz orada xalqın təmsilçiliyini görmədik. Hərə öz lokal, məhəlli, təşkilati problemləri ilə maraqlandı və söhbəti də əsasən, bu, məzmunda qurdu. Halbuki o fürsətdən tamamilə ayrı formada yararlanmaq olardı. Ölkədə yaranmış sosial-iqtisadi mənzərəni, ölkə torpaqlarının nə üçün 25 il ərzində işğaldan azad olunmamasının səbəblərini, əhalinin sosial vəziyyətinin bu qədər ağır olmasını ölkə başçısının diqqətinə çatdırılması baxımından bu fürsətdən istifadə etmək lazım idi. Təəssüf ki, bu baş vermədi.

Amerikanın Səsi: Ölkədə mədəniyyət və incəsənət sahəsində kommersiya mühiti necədir? Bu sahələri əhatə edən müəssisələr və şəxslər gəlirlə yaşaya bilirmi?

Ölkədə mədəniyyət işçilərinin, mədəniyyət müəssisələrinin öz gəlirləri ilə yaşaması üçün kommersiya mühiti yaradılmalı idi.

Cəmil Həsənli: Təəssüflər olsun ki, acınacaqlı bir mühitdir. Əlbəttə, bunun bir obyektiv səbəbi var. Obyektiv səbəbi ondan ibarətdir ki, sovet sistemindən, sovet mədəniyyət sistemindən müstəqillik dövrünün mədəniyyət sisteminə transfer dövrünün özünün obyektiv ağrıları və problemləri var idi. Amma 25 ildir ölkə müstəqildir. Ölkədə mədəniyyət işçilərinin, mədəniyyət müəssisələrinin öz gəlirləri ilə yaşaması üçün kommersiya mühiti yaradılmalı idi. Təəssüflər olsun ki, İlham Əliyev hakimiyyəti hər şeyin üzərinə monopoliya qoyub. Mədəniyyət müəssisələrinin, mədəniyyət adamlarının bazarını öldürüb. Onlara sədəqə vermək siyasətini üstün tutub. Ayrı-ayrı adamlara ev, prezident təqaüdləri, ordenlər, medallar, əlavə imtizyazlar. Axı, bununla bütün mədəniyyət sahəsini əhatə etmək olmaz. Ayrı-ayrı adamların təmin edilməsi hələ bütün mədəniyyət sahəsinin və mədəniyyət müəssisələrinin təmin edilməsi demək deyil. Məsələn orada, o görüşdə bir misal çəkildi. 92 yaşlı bəstəkarın evi yoxdur. Mən demirəm ki, dövlət ona mütləq ev verməlidir. Amma bəstəkarlıq kimi yaradıcı bir işlə məşğul olan bir adam 92 yaşınadək özünə niyə ev ala bilməyib? Bunun səbəbini axtarmaq lazımdır. Ona görə də, İlham Əliyevin apardığı siyasət bütövlükdə mədəniyyət işçilərinin asılı vəziyyətə salınması siyasətidir.

Amerikanın Səsi: Fikrinizcə mədəniyyət və incəsənət müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi, bu sahənin xadimlərinin sosial durumunun dövlət hesabına yaxşılaşdırılması başqa vətəndaşlara münasibətdə nə dərəcədə ədalətlidir?

Bu sosial təminat asılılığın bir formasıdır. Adamlara normal mühit yaratmaq lazımdır ki, onlar ölkədə öz intellekti ilə pul qazana bilsinlər.

Cəmil Həsənli: Burada vergi verənlər məsələsi var. Əlbəttə, vergi verənlər öz pullarının nəyə xərcləndiyinin fərqində olmalıdır. Belə deyək, bir döyüşçünün, vətəni qoruyan bir zabitin, məsələn mədəniyyət işçisindən imtiyazı niyə aşağı olmalıdır? Niyə mədəniyyət işçisi ev almalıdır, imtiyazlar almalıdır, prezident təqaüdü almalıdır, amma 1992-1993-cü ildən bəri səngərdə yatan, öz sinəsi ilə vətəni qoruyan bir zabit ev ala bilməməlidir. İndiyədək onun ailəsi, özü, uşaqları kirayədə yaşamalıdır. Ümumiyyətlə bu sosial təminat nədir? Bu sosial təminat asılılığın bir formasıdır. Adamlara normal mühit yaratmaq lazımdır ki, onlar ölkədə öz intellekti ilə pul qazana bilsinlər. Məsələn, kimsə kitab yazıb, nəşr elətdirib, ondan pul qazana bilsin. Bax, bu mühit yoxdur. Bu hakimiyyət ədəbiyyatın bazarını öldürüb və ədəbiyyat xadimlərini özünə tabe elətdirib. Bu hakimiyyət musiqinin bazarını öldürüb. Bəstəkarları imtiyaza tabe elətdirib. Niyə teatrlar öz normal gəlirləri hesabına yaşamamalıdır? Aktyora nə qədər maaş verir? Aktyora deyək ki, 200-300 manat pul verir. 300 manata bu gün hər bir şəxs həyatda öz rolunu oynaya bilmir. Aktyor bu pula necə başqasının obrazını yaratsın.

Qeyd: Azərbaycan prezidenti martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirib. Görüşdə mədəniyyət və incəsənət işçilərinin əmək haqqının artırılması, teatrlara dövlət qayğısı, fəxri adların verilməsi, mədəniyyət və incəsənət işçilərinin dövlət hesabına mənzillə təmin edilməsi, yaradıcılıq şəhərciyinin salınması və başqa məsələlər diqqət mərkəzində olub. Görüş geniş ictimai müzakirələlərə səbəb olub.

Azərbaycan hökuməti ölkədə mədəniyyət və incəsənitin inkişafına daim təkan verdiyini bəyan edir. Ölkə rəhbərlərinin dediyinə görə, azad kommersiya mühuiti var və Azərbaycan bu sahədə dünya reytinqində önəmli yer tutur.

XS
SM
MD
LG