Cənubi Koreyanın kəşfiyyat agentliyinin bildirdiyinə görə, Şimali Koreya COVID-19-a qarşı peyvənd haqda məlumatları oğurlamaq üçün ABŞ-ın dərman istehsalçısı Pfizer-ə qarşı kiber hücuma başlayıb.
Milli Kəşfiyyat Xidmətinin rəsmiləri çərşənbə axşamı Seulda qanunvericilər ilə qapalı dinləmə zamanı onlara bu haqda məlumat verib.
Bu, son aylarda Pxenyanın koronavirusa qarşı yeni peyvənd yaratmaq üçün əczaçılıq şirkətlərinin işləri ilə bağlı onların məlumat bazasını sındırmaqda günahlandırıldığı ikinci belə haldır. Microsoft noyabrda həm Şimali Koreyadan, həm də Rusiyadan olan hakerlərin Pfizer və Almaniyanın BioNTech şirkəti də daxil olmaqla, yeddi tanınmış şirkətin məlumat bazasına daxil olmağa çalışdıqlarını açıqlamışdı.
Şimali Koreya lideri Kim Conq Un uzun müddət ölkəsində COVID-19 infeksiyası olmadığını iddia etmişdi, ancaq pandemiya yayılmağa davam etdikcə tez bir zamanda Çin ilə sərhədini bağlamışdı. Bu qərarla yoxsul Şimali Koreya öz qonşusu və əsas ticarət və diplomatik müttəfiqi ilə əlaqəsini kəsmişdi.
Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi COVID-19-a qarşı AstraZeneca-Oxford üniversitetinin birgə hazırladığı peyvəndinin iki versiyasının təcili istifadə üçün təsdiqlədiyini bildirib. Bunun gələn həftələrdə vaksinin dünya boyu paylanması səylərinə kömək edəcəyi gözlənilir.
Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlərin 18 yaşdan yuxarı insanlar üçün təhlükəsiz olduğunu və təşkilatın COVAX peyvəndpaylama təşəbbüsü vasitəesilə ilə orta və aşağı gəlirli ölkələrə paylanacağını bildirib.