Accessibility links

Cənubi Koreya ələ keçirilmiş tankerlə bağlı İranla danışıqlar aparacaq


Cənubi Koreya bazar ertəsi Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən neft tankerin İran İnqilab Keşikçiləri qüvvələri tərəfindən ələ keçirilməsi məsələsi ilə əlaqədar İranla diplomatik bir həll yolunu axtaracağını bildirib.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi Xarici İşlər Nazirliyinin adı açıqlanmayan bir rəsmisindən nazirliyin Afrika və Yaxın Şərq əlaqələri şöbəsinin müdiri Koh Kyun-Sokun çərşənbə axşamı Seulda İran səfiri Səid Badamçı Şəbestari ilə görüşdüyünü öyrəndiyini bildirib.

Xarici İşlər Nazirliyi beş cənubi koreyalı, 11 myanmalı, iki indoneziyalı və iki vyetnamlı da daxil olmaqla MT Hankuk Çemi və onun 20 nəfərlik heyətinin sərbəst buraxılması üçün danışıqlar aparmaq məqsədilə diplomatlardan ibarət qrupun İrana yollanacağını bildirib.

Bu arada, Müdafiə Nazirliyi 4400 tonluq Çoi Yonq gəmisində pirat əleyhinə 300 nəfərlik bölməni bölgəyə yerləşdirir.

İran hərbi qüvvələri MT Hankuk Çeminin Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliklərinə gedərkən zaman mümkün ətraf mühit pozuntuları ilə əlaqədar olaraq ələ keçirildiyini deyib.

Tankerin ələ keçirilməsi Tehran və Seulun ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsindən bəri İranın Cənubi Koreya banklarında dondurulmuş 7 milyard dollarlıq aktivlərinin sərbəst buraxılması ilə bağlı danışıqlar apardığı vaxta təsadüf edir. İran bu maliyyədən peyvəndin alınması və paylanması üzrə qlobal COVAX proqramı vasitəsi ilə COVID-19-a qarşı peyvəndlərin əldə edilməsi üçün istifadə etmək istəyir.

İran bazar ertəsi uranın 20% -ə qədər zənginləşdirməsinə başladığını elan edib. Bu, Tehranın sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdıran 2015-ci il razılaşmasından uzaqlaşmaq istiqamətində sonuncu addımıdır.

Tramp administrasiyası 2018-ci ildə İranın uran zənginləşdirilməsini 3.67% -ə qədər məhdudlaşdıran altı dövlət tərəfindən imzalanmış müqavilədən çıxdıqdan sonra sanksiyalar tətbiq etmişdi.

XS
SM
MD
LG