Accessibility links

Cənubi Koreya ikinci yoluxma dalğası barədə xəbərdarlıq edir


Cənubi Koreya bazar günü COVID-19-a ikinci yoluxma dalğasının olma ehtimalı barədə xəbərdarlıq edib.

“Xəstəlik tam aradan qaldırılmayanadək, yoluxmalara son qoyulmayacaq”, prezident Mun Cae-in bazar günü virusa yeni yoluxma hallarının son bir ayda ən yüksək həddə çatdığını bildirəndən sonra söyləyib.

Yoluxma hallarında artım Cənubi Koreya pandemiya səbəbilə tətbiq olunan bəzi məhdudiyyətləri aradan qaldırmağa, o cümlədən barlar və gecə klublarının açılmasına icazə verməyə başladığı vaxta təsadüf edib.

Yeni yoluxma halları ötən həftə sonu gücə klublarına gedən insanlarda aşkar olunandan sonra Cənubi Koreya Seulda 2100-dən çox bar və digər müəssisələri yenidən bağlayıb. Yoluxmaların çoxuna testinin nəticələri müsbət çıxmadan öncə üç ayrı gecə klubuna gedən 29 yaşlı bir kişi səbəb olub.

Cənubi Koreyada məktəblərin gələn həftə açılacağı gözlənilirdi, lakin rəsmilər deyir ki, növbəti addımlar yeni yoluxma halları ilə bağlı araşdırma nəticələri əldə olunandan sonra müəyəyn olunacaq.

Çin də bazar günü 14 yeni yoluxma halının qeydə alındığını bildirib. Bu, son 10 gündə ilk dəfədir ki, orada yoluxma halları 10-u keçir.

Ötən həftə bəzi məhdudiyyətləri aradan qaldıran Almaniyanın bəzi regionlarında yoluxma hallarında artım müşahidə olunub, xüsusilə də qocalar evlərində.

İqtisadiyyatlarının yavaş-yavaş işə salan ölkələr arasında İspaniya, Fransa və Birləşmiş Ştatlar da var.

Dünya boyu koronavirusa yoluxma halları 4 milyonu keçib, ölüm halları isə 280 minə çatır.

ABŞ yoluxma və ölüm hallarına bütün ölkələr arasında birinci yerdədir. Belə ki, Birləşmiş Ştatlarda 1.3 milyondan çox insan virusa yoluxub, 80 mindən çox insan həyatını itirib.

ABŞ-ın sabiq prezidenti Barak Obama ABŞ-ın hazırkı prezidenti Donald Trampın koronavirus pandmeiyası ilə mübarizəsini “tamamilə xaotik fəlakət” adlandırıb.

XS
SM
MD
LG