Çərşənbə günü Cənubi Koreyanın paytaxtı Seuldan təxminən 270 kilometr cənub-qərbdə yerləşən Qvanqju bölgəsində beş mərtəbəli binanın çökərək sıx hərətəkin olduğu küçəyə aşması nəticəsində ən azı 9 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
Hadisə binada söküntü işləri aparılarkən baş verib. Nəticədə çox sayda qırıntı və parçalar ərazidən keçən sərnişin avtobusunun üstünə tökülüb. Ölən və yaralıların hamısı həmin avtobusun sərnişinləri olub.
Qvanqju bölgəsinin yanğınsöndürmə idarəsinin rəsmiləri binanın çökməsinin səbəbinin hələ ki, aydın olmadığını bildirir.
Cənubi Koreya hələ də yararsız və təhlükəli infrastruktur təhlükəsizliyini həll etməkdə çətinlik çəkir. Bundan əvvəl, 1995-ci ildə bir mağazanın çökməsi nəticəsində 500-dən çox insan, 1994-cü ildə isə körpünün çökməsi səbəbindən 49 insan həyatını itirmişdi.
Digər tərəfdən Hindistanın Mumbay bölgəsində də binanın çökməsi nəticəsində 11 nəfər ölüb. Belə ki, bölgə rəsmilərinin bildirdiyinə görə, yaşayış binasının digər binanın üzərinə düşməsi nəticəsində azı doqquz uşaq həyatını itirib.
Hadisə gecə yarısına yaxın Mumbayın şimalındakı bir bölgədə güclü musson yağışlarının ardınca ölkənin maliyyə və əyləncə paytaxtının bir neçə hissəsində daşqınların baş verməsindən sonraya təsadüf edib.
Sakinlər yanğınsöndürənlər və polis işçilərinə dağıntılar altında qalan insanları xilas etməyə kömək edib. Hadisə nəticəsində səkkiz nəfərin yaralandığı bildirilir.
Musson yağışları mövsümündə Hindistanda binaların çökməsi kimi hadisələr tez-tez baş verir. Çərşənbə günü musson yağışları sezonunun ilk günü olub.