Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.
Bu barədə Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Nazirlik bildirir ki, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.
“Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir," məlumatda bildirilib.
Yaxşı olar ki, az ağır cinayət törədən və cəzasının yarısını çəkmiş şəxslərin azadlığa çıxması ilə bağlı təcili tədbirlər görülsün.Anar Məmmədli, keçmiş siaysi məhbus
Ədliyyə Nazirliyi bildirir ki, xüsusi karantin rejiminin qaydalarına əsasən, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, penitensiar müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri, əməkdaşların, məhkumların və həbs edilmiş şəxslərin gündəlik termometriyası, səhhətlərində hər hansı narahatlığı olan şəxslərin dərhal izolyasiya olunaraq müayinəsi keçirilir.
Qeyd olunub ki, vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşlar və digər aidiyyəti şəxslər (vəkil, müstəntiq, həkim və s.) və nəqliyyat vasitələri müəssisələrə karantin rejiminə uyğun xüsusi qaydada buraxılırlar.
"Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində Penitensiar xidmətin İxtisaslaşmış müalicə müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb. Bəzi xroniki xəstəlikləri olan məhkumlar isə cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər. Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar olunduğundan o, dərhal təcrid edilərək zəruri tibbi tədbirlər görülüb,” məlumatda qeyd edilir.
Koronavirusa yoluxan məhkumların vəkilləri və ailə üzvləri hələ nazirliyin məlumatına şərh verməyib.
Müstəqil müşahidəçilər cəzaçəkmə müəssisələrində daha çox məhkumun infeksiyaya yoluxduğunu güman edir.
Siyasi məhbus kimi tanınan şəxslər siyasi motivlərlə həbsdə olan məhbusların, o cümlədən cəzasının çox hissəsini çəkmiş məhbusları koronavirus infeksiyasından qoqumaq üçün azadlığa buraxılmalarını vacib sayır.
Hakimiyyət siyasi məhbusları indilik ayrıca karantinə almalı sonra azad etməlidir.Seymur Həzi, keçmiş siyasi məhbus
Keçmiş siyasi məhbus Anar Məmmədli bildirir ki, nə 13 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsi, nə də Pentisiar Xidmətin Mərkəzi Hospitalı bu şəxslərin müalicəsi üçün yetərli şəraitə malik deyil.
“Yaxşı olar ki, az ağır cinayət törədən və cəzasının yarısını çəkmiş şəxslərin azadlığa çıxması ilə bağlı təcili tədbirlər görülsün. Yayılan xəbər siyasi motivlərlə azadlıqdan məhrum edilən və ya inzibati qaydada həbs edilən şəxslərin yaxınları üçün ciddi narahatlıq yaradacaq. Hakimiyyət azadlıqdan məhrum etdiyi günahsız siyasi fəallar üçün saxlama şəraiti təmin edə bilmirsə, koronavirus epidemiyası dövründə onların sağlamlığına görə ikiqat məsuliyyət daşıyır,” o facebook səhifəsində qeyd edib.
Bir nəfərə düşən adi qripin bütün həbsxanaya yayıldığı, 320 nəfər üçün nəzərdə tutulsa da 1400 nəfərin saxlanıldığı, bataqlığın üstündə tikilən, asfaltın olmadığı o cəhənnəmdə yoluxanların real sayı bundan ən azı 10 dəfə çoxdur!İlkin Rüstəmzadə, keçmiş siyasi məhbus
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, keçmiş siyasi məhbus Seymur Həzi hesab edir ki, 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən günahsız həbs edilmiş, Qarabağ döyüşlərinin veteranı Saleh Rüstəmlinin həyatı təhlükədədir.
“Hakimiyyət son anda olsa da məsuliyyətini dərk etməlidir. Bu siyasi məhbusları indilik ayrıca karantinə almalı sonra azad etməlidir,” o facebook səhifəsində qeyd edib.
Keçmiş siyasi məhbus İlkin Rüstəmzadə yazır ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində 4 ildən çox saxlanılıb.
“Əminliklə deyə bilərəm ki, bir nəfərə düşən adi qripin bütün həbsxanaya yayıldığı, 320 nəfər üçün nəzərdə tutulsa da 1400 nəfərin saxlanıldığı, bataqlığın üstündə tikilən, asfaltın olmadığı o cəhənnəmdə yoluxanların real sayı bundan ən azı 10 dəfə çoxdur!” o qeyd edib.
Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Rəsul Cəfərov hesab edir ki, koronavirusa yoluxma riskini azaltmaq məqsədi ilə cəzaçəkmə müəssisələrində məhbus sıxlığını azaltmaq üçün ciddi və planlı addımlar atılmayıb.
Məhbusların vaxtından əvvəl azadlığa buraxılma mexanizminin tətbiqi genişləndirilməlidir, azadlığa çıxmasına 12 aya qədər qalan məhbusları azadlığa buraxmaq mümkündür.Rəsul Cəfərov, hüquq müdafiəçisi, keçmiş siaysi məhbus
“Prezidentin 6 aprel əfv sərəncamı və vaxtından əvvəl azadlığa buraxılma mexanizmi ilə məhkəmələr tərəfindənümumilikdə 400 nəfərə yaxın şəxs azadlığa buraxılsa da, görünür bu sıxlığı aradan götürməyə kifayət etməyib. Yeri gəlmişkən, vaxtından əvvəl azadlığa buraxılma məsələsi ilə bağlı Penitensiar Xidmətə həm biz, həm də Ombudsman Aparatı tərəfindən ünvanlanan müraciətlər hələ cavablandırılmayıb.”
Hüquq müdafiəçisi problemin həlli üçün təkliflər də verib.
“Müstəqil mövqeyi olan və peşəkar şəxslərdən ibarət komissiya yaradılmalı, komissiya tərəfindən Penitensiar Xidmət müəssisələrində epidemiya əleyhinə tədbirlərin, tibbi xidmətin obyektiv, bitərəf monitorinqi aparılmalıdır. Məhbusların vaxtından əvvəl azadlığa buraxılma mexanizminin tətbiqi genişləndirilməlidir, azadlığa çıxmasına 12 aya qədər qalan məhbusları azadlığa buraxmaq mümkündür. Cəzaçəkmə müəssisələrində cəza müddətinin bitməsinə 2-3 ay qalmış yüzlərlə az ağır cinayətlərə görə məhkum edilmiş şəxslər var, onları təxirəsalınmaz şəkildə azad etmək zəruridir,” Cəfərov qeyd edib.