Accessibility links

"Fotoqrafiya texniki, estetik məsələ olmaqdan öncə çox ciddi insani məsələdir." [Audio-Müsahibə]


Cahangir Yusif

Fotoqrafiya sənət olmazdan öncə hər birimiz üçün keçmişi xatırlamağa kömək edən bir vasitə, işığın, kölgənin, rəngin bir-birini izləyən ahəngi, həyatın gözlərimizdəki proyeksiyasıdır. Çəkdiyiniz bir foto sizin gördüyünüz, anlatmaq istərdikləriniz, sizin hekayənizdir. Amerikanın Səsinə müsahibə verən fotoqraf Cahangir Yusif fotoqrafiya sənətinin çətinliklərində və öz hekayəsindən danışır.

İxtisasca siyasi elmlər mütəxəssisi olan Cahangir Yusif, uzun müddətdir foto çəkməyə marağının olmasına baxmayaraq universiteti bitirənə qədər bu sənətlə aralarında hər hansı dərin bağ hiss etmədiyini deyir. Lakin bu sahədə fəaliyyətə başladıqdan sonra, fotoqrafiya sənətinin incəliklərinə yaxından bələd olduqca daha çox sevməyə, sanki araların mənəvi bir sim yarandığını hiss etməyə başlayıb.

İraq, Kərbəla, 2013.
İraq, Kərbəla, 2013.
Problemi yalnızca bir xəbər olaraq deyil, fərdlərin bu problemə baxışından, insanların həyat hekayələrinin bir parçası olaraq çatdırmağa üstünlük verirəm

​İlk olaraq gördüyü işlərin əsas hissəsini vətəndaş cəmiyyətinin fəaliyyətini ictimailəşdirmək olan fotoqraf, ölkədəki sosial, siyasi problemləri qabartmaqla bunu daha geniş kütləyə çatdırılmasına çalışıb. Onun sözlərinə görə, bu işi görərkən sırf xəbər jurnalistikasından əlavə mövcud vəziyyətlə bağlı alternativ təsvirləri görüntüləmək, problemə fərqli prizmalardan baxmağa çalışıb.

"Problemi yalnızca bir xəbər olaraq deyil, fərdlərin bu problemə baxışından, insanların həyat hekayələrinin bir parçası olaraq çatdırmağa üstünlük verirəm.’’

İnsanların hekayələrini fotoya köçürən Cahangir Yusif düşünür ki, fotoqrafın işi sadəcə gəlib, çəkib, getmək deyil. Onun sözlərinə görə, gərək bir müddətlik də olsan fotosunu çəkdiyin insanın həyatının bir parçasına çevriləsən.

Məcburi köçkünlərin məskunlaşdığı keçmiş Sovet beton zavodu. Bakı, Azərbaycan 2013
Məcburi köçkünlərin məskunlaşdığı keçmiş Sovet beton zavodu. Bakı, Azərbaycan 2013

​"Adətən fotoqraflar üçün hekayəsini çəkdikləri insanları 1 saatlıq tanımaq kifayət edir amma mən elə işləyə bilmirəm. Bir neçə gün onlara gedib-gəlməli, onları yaxından tanımalıyam. Çünki, fotoqrafiya sırf texniki, estetik, peşəkar jurnalistika məsələsi deyil. Fotoqrafiya ən əsası çox ciddi insani məsələdir. Yəni,nəyə inandığın, inandığın şeylərlə necə münasibətdə olduğun çox vacibdir.’’

Özümü onun baxışları qarşısında yalın hiss edirdim. Sanki o mənim şəklimi çəkirdi.

Bir neçə il öncə xərçəng xəstəliyindən əziyyət çəkən Saranın foto-hekayəsi hazırlayan Cahangir Yusif, bu prosesin onun həyatında qarşılaşdığı ən ağır və əzab verən proses olduğunu bildirir.Onun sözlərinə görə, bəzən Sara sözlərlə izah eləməyin çətin olduğu dərəcə ağrıdan əziyyət çəkirdi və belə anlarda qəribə şəkildə içimdə həmin anların şəklini çəkmək üçün güclü istək baş qaldırırdı.

Məcburi köçkünlərin məskunlaşdığı keçmiş Sovet beton zavodu. Bakı, Azərbaycan 2013
Məcburi köçkünlərin məskunlaşdığı keçmiş Sovet beton zavodu. Bakı, Azərbaycan 2013

"Onun əzab çəkən, ağrıdan qıvrılan insan olduğunu unudurdum. Elə məqamlar olurdu ki, birdən göz-gözə gəlirdik və sanki məni tam aydın şəkildə görürdü. Adətən, fotoqraf olar mən qarşımdakı insanın foto-hekayəsin çəkmək üçün onun mənim qarşımda mənəvi olaraq tam soyunmasını, özü ilə baş-başa qalmasını gözləyirəm. Ancaq Sara ilə məsələ fərqli idi. Özümü onun baxışları qarşısında yalın hiss edirdim. Sanki o mənim şəklimi çəkirdi.’’

Saranın doğmalarını onunla bağlı yaddaşlarında qalan xoş xatirələri mənim çəkdiyim ağır fotolarla məhv etməyə haqqım yoxdur.

Bütün bu hadisələrin onda ağır mənəvi dəyişikliyə səbəb olduğunu bildirən fotoqraf, Sara vəfat etdikdən sonra o dövrdə çəkilmiş foto və videoları paylaşmamağa, onların heç kəsin görməyəcəyi arxivin dərinliyində gizlətmək qərarına gəlib.

"O çətin günlərdə Saranın kiçik oğlu anası kimi saçlarını kəsdirmişdi. Gedib-gəlib başını masaj edir, ona dəstək olurdu. Hər halda nə qədər çətin də olsa onun anası ilə bağlı gözəl xatirələri var. Uşaqlarını, Saranın doğmalarını onunla bağlı yaddaşlarında qalan xoş xatirələri mənim çəkdiyim ağır fotolarla məhv etməyə haqqım yoxdur.’’

Azərbaycanın indiki sosial, siyasi sferası məhz ağ və para rənglərdən ibarətdir

​Fotolarının böyük əksəriyyətində ağ-qara rənglərə üstünlük verdiyini bildirən Cahangir, əvvəlcə estetik olaraq xoşuna gəldiyi üçün bunu etdiyi deyir. Ancaq daha sonra fotojurnalist olaraq fəaliyyət göstərdiyi vaxtlarda Azərbaycanın indiki sosial, siyasi sferasının məhz ağ və para rənglərdən ibarət olduğunu gördüyü üçün bu rənglərə üstünlük verdiyini bildirir.

"Əgər mən siyasi, sosial, mədəni sferanı interpretasiya edirəmsə, o zaman fotolarımda rəng seçimi də bu interpretasiyanın bir hissəsi olmalıdır.’’

Həbs edilmiş N!DA-çı fəal İlkin Rüstəmzadənin ailəsi- anası Atlas Rüstəmzadə, bacısı və atası
Həbs edilmiş N!DA-çı fəal İlkin Rüstəmzadənin ailəsi- anası Atlas Rüstəmzadə, bacısı və atası

Fotoqrafın keçmiş siyasi məhbus Rəsul Cəfərovla birlikdə həyata keçirdikləri "Məsafələr’’ lahiyəsində də bütün fotolar ağ və qara rəngdədir. Onun sözlərinə görə, ‘’Məsafələr’’ layihəsinin əsas məqsədi Azərbaycanda həbsdə olan keçmiş siyasi məhbuslar və onların ailələrinin yaşadıqları hissləri, duyğuları fotolarda əks etdirmək və bu hissləri həmin şəkilllər vasitəsilə ictimaiyyətə çatdırmaqdır.

"Məsafələr’’ layihəsi Almaniya, Fransa olmaqla Avropanın bir çox ölkəsinin sərgilərində sərgilənib.

XS
SM
MD
LG