Accessibility links

'Cəlal Əliyevin qızının milyonları' müsadirə olundu, amma hamısı yox…


Azərbaycandan olan milyonçu DJ və əri milyonlarla funt sterlinq pulu Britaniyaya qanunsuz olaraq Azərbaycanın pulyuyan maşını vasitəsilə gətirdiklərini etiraf etdikdən sonra onların hesablarında qalan 4 milyon funt sterlinq Britaniya Milli Cinayət Agentliyi (NCA) tərəfindən müsadirə olunub.

The Evening Standard qəzeti yazır ki, DJ Mikaela Jav səhnə adı ilə tanınan İzzət Cavadova və onun əri Süleyman Cavadovun Santander bankındakı dörd əmanət hesabı müsadirə olunub.

Qəzet yazır ki, azərbaycanlı ər-arvadın pulları onlar bu vəsaitin 21 ofşor şirkətdən ibarət şəbəkə vasitəsilə və “gizli şəkildə” gətirilməsinə dair ittihamlarla hüquqi mübarizəni dayandırmaq qərarı qəbul edəndən sonra müsadirə edilib.

Onlar habelə 2 milyon funt sterlinqi Coutts özəl bankındakı üç hesab da daxil 6 ayrı-ayrı hesabda saxlayırdılar. Lakin NCA uzun sürən və bahalı prosesin başa çatmasına görə işi davam etdirməməyə razılaşıb.

Məhkəmə sövdələşməsi

Bu barədə razılaşmanı Britaniya Milli Cinayət Agentliyinin vəkili Conatan Holl iyulun 5-də elan edib.

O deyib ki, müsadirə olunan dörd bank hesabının hamısı Süleyman Cavadovun adına idi və bu hesablardakı pullar Britaniyaya Azərbaycanın pulyuyan maşını vasitəsilə gətirilmişdi.

Vəkil əlavə edib ki, pulun qanunsuz şəkildə Britaniyaya gətirilməsi və bu zaman onların mənşəyinin gizlədilməsi üçün balıqqulağı şirkətlərdən istifadə olunub.

Holl bildirib ki, müsadirə olunan pullar agentliyin nəzərdə tutduğu 6.4 milyon funtdan az olsa da, NCA qalan pulun da müsadirəsi məqsədilə işin davam etdirilməsi üçün bütün xərc və riskləri nəzərə almalı olub.

Onun sözlərinə görə, qalan pulların da müsadirə olunan pullar kimi mənşəyə malik olduğu ehtimal edilir.

Vəkil bildirib ki, 4 milyon funt sterlinqin müsadirəsi barədə qərar “mühüm və əhəmiyyətli” uğurdur. Cavadovların vəkili Ceyms Lyuis deyib ki, onun müştəriləri dörd hesabdakı pulun pulyuyan maşından gəldiyini etiraf etsələr də, heç bir qanunsuz iş görmədiklərini bildiriblər.

Hakim Vanessa Bareytser bu məhkəmə razılaşmasını hökmü ilə təsdiq edib.

Bəs qalan 10 milyon hanı?

The Evening Standard qəzeti yazır ki, NCA-in bu sövdələşməni uğur elan etməsinə baxmayaraq, müsadirə olunmuş 4 milyon agentliyin başlanğıcda iddia etdiyi 14 milyondan çox azdır.

Məqalədə deyilir ki, pulun qalan hissəsi artıq cütlüyün hesablarından çıxıb və həmin vəsait bu məhkəmə sövdələşməsinin hədəfi olmayıb.

Azərbaycanlı cütün adlarının açıqlanması üçün iki il məhkəmə mübarizəsi aparmış The Evening Standard iddia edir ki, ər-arvadın adlarına Londonda milyonlarla dəyəri olan mülkiyyətin olmasına baxmayaraq, qalan pullar barədə heç bir izahat verilməyib.

Qəzet yazır ki, NCA guya polad ixracı üçün ümumilikdə ödənmiş 500 milyon funt sterlinqlik qəbzlərin saxta olduğunu bildirmişdi.

Zəngin əcdadlardan miras

İzzət Cavadova Azərbaycan prezidenti İlham Əliyevin əmisi Cəlal Əliyevin qızıdır.

Qəzet yazır ki, o Londona azı on il əvvəl gəlib və Britaniya Daxili İşlər Nazirliyi vizanı ona sərvətinə görə verib.

Qəzetin yazdığına görə, o, Londonda “Love the Underground Records” adlı şirkət yaradıb və London və İbizada keçirilən məclislərdə DJ Mikaela Jav səhnə adı ilə çıxış edib.

İzzət Cavadovanın əri Süleymanın atası Azərbaycan enerji nazirinin keçmiş müavini Gülməmməd Cavadovdur.

Cütlük vəkilləri vasitəsilə məhkəməyə təqdim etdikləri sənədlərdə böyük sərvətlərini Azərbaycanda otellərinin, böyük ticarət mollarının, araq, konyak və sampan buraxan zavodlarının və çox sayda mülklərinin olması ilə izah edirdilər.

Onlar habelə bunu da iddia edirdilər ki, sərvətləri onlara zəngin əcdadlarından miras qalıb.

Onların hesablarına 6 il 8 ay ərzində 13.8 milyon funt sterlinq köçürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG