Accessibility links

Səudiyyə Ərəbistanı Xaşuqçinin ölümü ilə əlaqədar 5 nəfərə ölüm hökmü çıxarıb


İstanbulda polis zabiti səudiyyəli jurnalist Camal Xaşuqçinin ölümündən bir il sonra onun qətlə yetirildiyi Səudiyyə Ərəbistanı konsulluğu yaxınlığında anım mərasiminin keçirildiyi yerdə portretinin önündən keçir, 2 oktyabr, 2019.

Səudiyyə Ərəbistanı məhkəməsi keçən il Ər-Riyadın İstanbuldakı konsullluğunda öldürülən jurnalist Camal Xaşuqçinin qətlində əli olan 5 nəfər haqda edam, digər 3 nəfər haqda isə həbs cəzası hökmü çıxarıb.

Dövlət prokurorunun bəyanatında edam hökmünün cinayəti törədənlər və cinayətdə bilavasitə iştirak edənlər haqda çıxarıldığı, həbs cəzasının isə cinayətlə bağlı məlumatı bilərəkdən gizləyənlərə verildiyi bildirilib.

Bazar ertəsi çıxarılan hökm gizli məhkəmə araşdırmalarından sonra açıqlanıb ki, bu da vəliəhd şahzadə Məhəmməd Bin Salmanın keçmiş köməkçisi Səud Əl-Qəhtanini Xaşuqçinin ölümündə əli olması ilə bağlı şübhələrdən azad edib.

Camal Xaşuqçinin qətlini BMT üçün araşdıran Aqnes Kallamard istintaqda qüsurların olduğunu deyərək, bazar ertəsi Twitter səhifəsində məhkəməni “gülünc” adlandırıb.

"Nəticə: Qətlə yetirən şəxslər günahkardır, ölümə məhkum edilir. Göstəriş verənlər isə nəinki sərbəst gəzir, istintaq və məhkəmə onlara toxunmur belə. Bu, ədalətin tam əksidir. Bu, gülüncdür" - deyə, o bildirib.

Baş qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyotlar (Reporters Without Borders) təşkilatı bu qərarla "ədalətin tapdalandığını" bildirib.

Türkiyə qərarın "ədalətdən uzaq" olduğunu bildirərək, məhkəmənin hökmünü qınayıb.

“Ölkəmizdə baş vermiş bu qətl hadisəsinə aydınlıq gətirmək və bütün günahkarları cəzalandırmaq təkcə hüquqi məsuliyyət deyil, həm də vicdan məsuliyyətidir” - deyə, Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

XS
SM
MD
LG