Accessibility links

3-cü kateqoriya İan qasırğası Kubanın qərbinə çatıb


İan qasırğası böyük qasırğaya çevrildikdən bir neçə saat sonra Kubanın qərb hissəsinə çatıb.

Mayamidə yerləşən Milli Qasırğa Mərkəzinin sinoptikləri İan qasırğasının sürəti saatda 205 kilometrə çatan davamlı küləklərlə müşayiət olduğunu və bununla fırtınanın davamlı küləyin maksimum sürətini və dağıdıcı potensialını ölçən mərkəzin beş səviyyəli şkalasında 3-cü kateqoriya qasırğaya çevrildiyini bildirib.

Fırtına Pınar del Rio əyalətindən cəmi 10 kilometr cənubda saatda 19 kilometr sürətlə hərəkət edir. Pınar del Riodakı rəsmilər İan qasırğasının əraziyə çatmasından əvvəl on minlərlə sakini təxliyə ediblər və vilayətdə həyati əhəmiyyətli tütün bitkilərini və onunla əlaqəli infrastrukturu qorumaq üçün tədbirlər görüblər.

Milli Qasırğa Mərkəzi bildirir ki, İan çərşənbə günü Meksika körfəzi üzərindən keçdiyi vaxt güclü qasırğa olaraq qalacaq. Qasırğanın çərşənbə günü ABŞ-ın cənubunda Florida ştatının Meksika körfəzinin qərb sahilinə çatacağı və Tampa və Sankt-Peterburq şəhərlərinə doğru istiqamət götürəcəyi gözlənilir. Ərazi 1921-ci ildən bəri böyük qasırğanın birbaşa təsirinə məruz qalmayıb.

Sinoptiklər qasırğa, tropik tufan və fırtına dalğası xəbərdarlığı verib və İan qasırğasının hazırda hərəkət etdiyi Kuba və Floridanın qərb bölgələrinin monitorinq edir. Fırtına nəticəsində Kubanın qərbində 15-25, Floridada Ki Vestdə 10-15, Floridanın qərbində mərkəzi bölgələrdə isə 15-30 santimetr yağış yağacağı gözlənilir.

Kubanın qərbində çərşənbə axşamı bəzi yerlərdə həyat üçün təhlükə yaradan fırtına dalğaları, daşqınlar və mümkün torpaq sürüşmələri, eləcə də küləklərin dağıdıcı təsiri gözlənilir. Milli Qasırğa Mərkəzi bildirir ki, Floridanın qərb sahillərinin bəzi hissələrində İan qasırğası nəticəsində 60 ilə 304 santimetr arasında fırtına dalğaları müşahidə oluna bilər.

ABŞ prezidenti Co Bayden Florida üçün fövqəladə vəziyyət elan edərək, Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə fəlakətlərə kömək səylərini əlaqələndirmək və daha çox federal maliyyə təmin etmək səlahiyyəti verib. Rəsmilər Floridada Meksika körfəzi sahili boyu yüz minlərlə sakinin təxliyə edilməsi qərarını verib.

XS
SM
MD
LG