Accessibility links

Cavad Abbasi: Milli fəallar dilimizin qeyri-rəsmi olaraq təhsilini başladıblar


Cavad Abbasi: Milli fəallar dilimizin qeyri-rəsmi olaraq təhsilini başladıblar
please wait

No media source currently available

0:00 0:13:44 0:00

Fevralın 21-i Beynəlxalq Ana Dili Günü qeyd edilir. İran Azərbaycanının şəhərlərində Beynəlxalq Ana Dili Günü münasibətilə hər il olduğu kimi bu il də müxtəlif mədəni tədbirlər keçirilir, uşaqlara kitablar paylanır. Beynəlxalq Ana Dili Günündə həmçinin milli-mədəni fəallar İranda azərbaycanlıların ana dilində təhsil hüququnun təmin olunmasına dair tələblərini səsləndirir. ABŞ-da yaşayan milli fəal Cavad Abbasi Amerikanın Səsinə müsahibədə azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin olunması üçün İran hakimiyyəti tərəfindən indiyə qədər siyasi iradə nümayiş etdirilmədiyini bildirib. O, milli fəalların bu hüququn təmin olunması üçün səylərini davam etdirdiyini vurğulayıb. Cavad Abbasinin sözlərinə görə, Təbriz Universitetində Azərbaycan türkcəsində bölümün açılması kimi inkişaflar milli fəalların səyləri nəticəsində mümkün olub.

“Bizim millətimizdə tələb vardır, gənclərdə, uşaqlarda tələb vardır və bizim dilimizi demək olar qeyri-rəsmi olaraq bizim millətimiz, fəallarımız təhsilini başladıblar.”

Cavad Abbasi son illərdə Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlərə qatılan milli-mədəni fəallara qarşı artan basqıları və saxlanılan bəzi fəalların hələ də həbsdə olduğunu qeyd edib.

“Bizim dostlarımız, millətimiz istəyir öz evlərində toplansınlar, 5 nəfər, 10 nəfər ailələri ilə qeyd etsinlər bu günü. Onlara da rejim hücum edir, onları həbs edir, həbslərə məhkum edir. Neçə il öncə bizim dostlarımızdan bir çoxunu, Əkbər Azad, Əlirza Fərşi, Həmid Mənafi və bir çox dostlarımızı Tehranda həbs etdilər və indi bu dostlarımızın bir neçəsini 2 il həbsə və 2 il sürgünə məhkum ediblər.”

Cavad Abbasi özü məktəb müəllimi olduğu illərdə təcrübəsi ilə bölüşərək, ana dilinin tədris olunmaması nəticəsində həm məktəblilər, həm də müəllimlərin qarşılaşdığı çətinliklərdən danışıb.

Bizim uşaqlarımız uşaqlıqdan, ibtidai məktəbdən öz qabiliyyətlərini nümayiş etdirə bilmirlər. Hətta özlərini ifadə edə bilmirlər.

“Uşaq bu təcrübələri öz ana dilində yaşayıb, bir an bunu aparıb qoyurlar başqa bir dünyanın içinə. Uşaqlar ciddi şəxsiyyət problemləri yaşayırlar, psixoloji problemlər yaşayırlar. Uşaqlar öz qabiliyyətlərini gerçəkləşdirə bilmirlər. Bunlarda məktəb sevgisi ölür. Biz bunları dəfələrlə görmüşük ki, bizim bölgələrimizdə hətta məsələn, yüksək səviyyədə ali təhsilə yol tapa bilmirlər. Bunların əsas səbəblərindən bizim uşaqlarımız uşaqlıqdan, ibtidai məktəbdən öz qabiliyyətlərini nümayiş etdirə bilmirlər. Hətta özlərini ifadə edə bilmirlər. Biz sualı belə soruşa bilmirik. O biri tərəfdən də sistem təzyiq göstərir. Nazirlikdən məktub gəlir ki, yüzdə yüz fars dilini icra etməlisiniz, fars dili hakim olmalıdır.”

Birləşmiş Ştatlarda hakimiyyətə gələn Bayden administrasiyasının İranla bağlı siyasətində dəyişikliklərin gözlənildiyi zaman ekspertlər ABŞ-ın İranda insan hüquqlarının durumuna diqqəti artıra biləcəyini qeyd edir. ABŞ Dövlət katibi Entoni Blinkenin Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri ilə açıqladığı birgə bəyanatda İranda insan hüquqlarının pozulmasının davam etməsi ilə bağlı dərin narahatlıq ifadə edilib. Birləşmiş Ştatların İranla nüvə sazişinə dair müzakirələrə qayıtmağa hazır olduğu ilə bağlı bəyanatda İran hökuməti özbaşına həbslər nəticəsində saxlanılan vətəndaşların dərhal azad edilməsinə və ailələrinə qovuşmalarına imkan verilməsinə çağırılır.

UNESCO 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə linqvistik və mədəni müxtəlifliklə bağlı məlumatlandırılmanın artırılması məqsədilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG