Accessibility links

Cavid Ağa: "Susma" zorakılıq qurbanlarının hekayələrini çəkinmədən paylaşması üçün yaradılıb


Cavid Ağa: `Susma` zorakılıq qurbanlarının hekayələrini çəkinmədən paylaşması üçün yaradılıb
please wait

No media source currently available

0:00 0:17:54 0:00

Cavid Ağa: `Susma` zorakılıq qurbanlarının hekayələrini çəkinmədən paylaşması üçün yaradılıb

Türkiyədə yaşayan sosial media fəalı və yazar Cavid Ağa bu günlərdə zorakılıq qurbanlarına yardım məqsədilə “Susma” saytını təqdim edib. Cavid Ağa Amerikanın Səsinə müsahibəsində saytın yaradılmasının məqsədləri, qadınlara qarşı zorakılıqla bağlı maarifləndirmə və cəmiyyətdə bu hallara münasibətdən danışıb.

Cavid Ağa “Susma” saytının zorakılığa məruz qalmış qadınların öz hekayələrini paylaşa bilməsi üçün yaradıldığını bildirib. “Mən sadəcə düşünürdüm ki, status paylaşmaqdansa, tvit paylaşmaqdansa bununla qalmayaq və başqa bir şey edək və öyrəndim ki, artıq Estoniyada, Latviyada, Ukraynada, yəni bizim kimi post-sovet ölkəsində, qadınların məişət zorakılığından əziyyət çəkdiyi post-sovet ölkələrində artıq belə saytlar yaradılıb və bizim saytımız sadəcə olaraq ən son əlavə oldu bu zəncirə.”

Bu, həm də mənim Azərbaycanın patriarxallığına qarşı bir etirazımdır ki, `mən sizin əks cinsiniz kimi sizə dəstək oluram`.

Cavid Ağanın bildirdiyinə görə, qadın və qızların təhsili qarşısında maneələr, erkən nikah və məişət zorakılığı kimi problemlərlə bağlı maarifləndirilmə məqsədilə seminarlar və tədbirlərin Azərbaycanın rayonları və kəndlərində təşkil edilməsi daha effektiv nəticə verə bilərdi. “Əyalət yerlərində vəziyyət daha pisdir, daha kritikdir. Onların bu kimi təbliğata daha çox ehtiyacı var, xüsusilə də oradakı qızların, uşaqların, qadınların...Mən düşünürəm ki, bizim təbliğatımızdakı əsas problem budur ki, biz rayonlara və kəndlərə gedib çıxmırıq. Gedib çıxırıqsa da, dediyimiz kimi, həmin bu tək-tük müəllimlərdir ki, onların da gücü ancaq öz siniflərində çata bilir, çox da imkanları yoxdur. Düşünürəm ki, biz bu təbliğatı kəndlərə aparmalıyıq.”

Cavid Ağanın sözlərinə görə, “Susma” saytının əsas məqsədi qadın və qızların qarşılaşdıqları zorakılıqlar haqda öz hekayələrini çəkinmədən paylaşa bilmələrinə kömək etməkdən ibarətdir. “Əsasən hekayəni paylaşmaq üçün istifadə edirik, amma başqa məqsədlər üçün də istifadə edilə bilər. Məsələn, zorakılığa hal-hazırda məruz qalıb və bunu heç kimə deyə bilməyən, ola bilsin ki, ailəsindən qorxur və yaxud həyat yoldaşından, oğlundan qorxur, qohumlarından qorxur, kimdən qorxursa artıq, zorakılığa məruz qalan və kiməsə anonim şəkildə çatdırmaq istəyən insan ondan istifadə edə bilər. Bu yaxınlarda hətta belə bir müraciət oldu bizə. Biz onun hekayəsini paylaşdıq, amma qadın hal-hazırda zorakılığa məruz qalır. Biz hazırda müzakirə aparırıq ki, həmin qadına necə gedib kömək edək.”

Düşünürəm ki, çox böyük bir vurğudu ki, Azərbaycanda qadınların haqlarına kişilər də dəstək olmalıdır.

Cavid Ağa saytın yaradılmasını müasir cəmiyyətdə `kişilərin qadın hüquqlarına dəstəyinin təzahüru` adlandırıb cə qadınları öz hekayələrini çəkinmədən paylaşmağa açıq olmağa çağırıb. “Açığı bu, bir qədər ironikdir, çünki mən bir kişi olaraq bu saytı açmışam. Bu, həm də mənim Azərbaycanın patriarxallığına qarşı bir etirazımdır ki, `mən sizin əks cinsiniz kimi sizə dəstək oluram`. Çünki patriarxallıq elə bir şeydir ki, təkcə kişilər deyil, qadınları da öz məngənəsinə salıb. Ona görə də mən qadınlara demək istərdim ki, qorxmayın, çəkinməyin, hətta bizdə artıq yeni nəsil kişilər də var ki onlar sizin tərəfinizi tuturlar, özlərini sizə bərabər görürlər və sizdən öndə və yaxud üstdə olmaq istəməyib, sizinlə bərabər şəkildə, yanbayan şəkildə yerimək istəyirlər. Mən saytı bunun bir təzahürü kim formalaşdırmışam. Könüllülərimizin üçü kişidir, sadəcə Nisə xanım qadındır. Düşünürəm ki, çox böyük bir vurğudu ki, Azərbaycanda qadınların haqlarına kişilər də dəstək olmalıdır. Çünki Azərbaycanda digər ölkələrdən fərqli olaraq, bu təzyiq kişilər tərəfindən yox, həm də qadınlar tərəfindən də olduğu üçün biz əslində nə kişilərə, nə də qadınlara yox, bir patriarxata qarşı mübarizə apardığımızın bir simvolu olsun istəyirəm.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG