Birləşmiş Ştatlar Ankaranın Rusiyadan S-400 sistemi almasına görə sanksiyalar tətbiq etsə, Türkiyə “qarşılıqlı addımlar atacaq”. Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu iyunun 14-də deyib.
“Birləşmiş Ştatlar bizə qarşı hər hansı mənfi addım atarsa, biz də qarşılıqlı tədbir görəcəyik”, o, Türkiyə televiziyasına müsahibəsində vurğulayıb.
“Reuters” agentliyi bu açıqlamadan sonra türk lirəsinin ABŞ dollarına qarşı 5,93 səviyyəsinə düşdüyünü yazır. Bu, son iki həftədə ən zəif göstəricidir.
Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistmeninin alınması qərarından geri çəkilməyəcək .
Bunu iyunun 13-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib.
Bundan az əvvəl ABŞ müdafiə nazirinin əvəzi Patrik Şanahan türkiyəli həmkarına yazdığı məktubda bildirib ki, Ankara Rusiyadan S-400 sistemini almaq fikrindən daşınmasa, Türkiyə ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarə proqramından çıxarılaqcaq.
Bu məktuba cavabında Çavuşoğlu yazıb ki, Türkiyəyə heç kim ultimatum verə bilməz.
"Türkiyə belə məktublarla öz qərarından geri çəkilən deyil. Türkiyə S-400-ü alıb. Bu silah Türkiyəyə çatdırılacaq və Türkiyədə yerləşdiriləcək”.
Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan isə deyib ki, Birləşmiş Ştatların F-35 qırıcı proqramıyla bağlı təhdidini geri götürməyə inandıracağına ümid edir.
Ərdoğan iyunun 28-29-da Yaponiyada keçiriləcək G-20 sammitində ABŞ prezidenti Donald Tramp ilə görüşməlidir. Ancaq Türkiyə liderinin sözlərinə görə, o, Tramp ilə iyunun 13-də telefonla danışacaq.