Accessibility links

İsrail və HƏMAS ilə atəşkəslə bağlı danışıqların bazar günü davam edəcəyi gözlənilir


Misir rəsmilərinin bildirdiyinə görə, İsrail və HƏMAS arasında davam edən müharibədə atəşkəsi təmin etmək üçün aparılan və dalana dirənən danışıqların bazar günü Qətərdə bərpa ediləcəyi gözlənilir.

Bununla müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başlayandan bəri İsrail rəsmiləri ilə HƏMAS liderləri ilk dəfə olaraq dolayı danışıqlarda iştirak edəcək. Beynəlxalq vasitəçilər bu həftə Ramazan ayı başlamadan öncə altı həftəlik atəşkəs əldə etməyə ümid bəsləyirdilər, ancaq HƏMAS Qəzzada daimi atəşkəsə gətirib çıxarmayacaq hər hansı razılıqdan imtina etdi. İsrail isə HƏMAS-ın bu tələbini rədd etdi.

Lakin hər iki tərəf son günlərdə danışıqları bərpa etmək üçün addımlar atıb.

Biri danışıqlarda iştirak edən, digəri isə onlar barədə məlumatlandırılan iki Misir rəsmisinin bildirdiyinə görə, HƏMAS vasitəçilərə döyüşlərə son qoyacaq üç mərhələli plan təklif edib. Rəsmilər məxfi müzakirələrin tərkibini açıqlamaq səlahiyyətləri olmadıqlaı üçün adlarının anonim qalması şərti ilə danışıb.

İlk mərhələ Qəzzada militantlar tərəfindən saxlanılan 35 girov - qadınlar, xəstə və yaşlıların İsrailin saxladığı 350 fələstinlinin sərbət buraxılması müqabilində azadlığa buraxılmasının daxil olduğu altı-həftəlik atəşkəsi əhatə edir.

HƏMAS həmçinin hər bir əsgər qarşılığında 50 məhbusun, o cümlədən terror ittihamları ilə uzun həbs cəzası çəkən məhbusların sərbəst buraxılması müqabilində ən azı beş qadın əsgəri azad edəcək. İsrail qüvvələri Qəzzada iki əsas yoldan geri çəkilərək, fələstinlilərin döyüşlərin viran qoyduğu Qəzzanın şimalına geri dönmələrinə və əraziyə yardımın sərbəst axınına imkan yaradacaq, rəsmilər deyib.

BMT-nin uşaq agentliyi cümə günü bildirib ki, ərazinin mühasirə altında olan şimal hissəsində 2 yaş altında olan hər üç uşaqdan təxminən biri kəskin qidasızlıqla üzləşir.

Rəsmilərin dediyinə görə, ikinci mərhələdə tərəflər daimi atəşkəs elan edəcək və HƏMAS girov saxlanan qalan israilli əsgərləri əlavə məhbus müqabilində sərbəst buraxacaq.

Rəsmilər bildirib ki, üçüncü mərhələdə HƏMAS İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı aradan qaldırması və bərpa işlərinin başlamasına imkan verməsi müqabilində əlində olan cəsədləri təhvil verəcək.

İsrail baş naziri Benyamin Netanyahu bu təklifi “qeyri-real” adlandırıb. Ancaq o, əlavə danışıqlar üçün israilli vasitəçiləri Qətərə göndərməyə razılaşıb.

Həmin danışıqların bazar günü davam etdiriləcəyi gözlənilirdi, amma misirli rəsmilər onların bazar ertəsinə təxirə salına biləcəyini deyib.

Netanyahu hökuməti daimi atəşkəs cağırışlarını rədd edib və birinci “HƏMAS-ı məhv etmək” məqsədinə çatmalı olduğunu deyib.

Rəfaha hücum

Netanyahunun ofisi həmçinin cümə günü bildirib ki, o, ordunun Qəzza zolağı əhalisinin əksəriyyətinin sığındığı Rəfaha əməliyyat planını təsdiqləyib.

Mülki əhalinin qorunmasına dair ağlabatan plan olmadan Rəfaha hücumun “qırmızı xətt” olacağını söyləyən Ağ Ev rəsmiləri bildirib ki, onlar Netanyahunun təsdiq etdiyi planı hələ ki, görməyiblər.

HƏMAS-ın oktyabrın 7-də hücumu zamanı təxminən 250 israilli və xarici vətəndaşı girov götürməsindən sonra İsrailin Qəzzaya hücum etməsi nəticəsində bir çox fələstinli Rəfaha qaçıb.

Birləşəmiş Ştatar və başqa ölkələr xəbərdarlıq edib ki, Rəfahda hərbi əməliyyat faciəvi ola bilər, ancaq İsrail orada yerləşən HƏMAS batalyonlarını məhv etmək üçün irəliləməyi planlaşdırdığını bildirir.

Netanyahunın ofisi Rəfah əməliyyatının zamanlaması və ya planla bağlı təfərrüatları verməsə də, ona mülki əhalinin evakuasiyasının daxil olduğunu deyib. Ordu mülki vətəndaşları Qəzzanın mərkəzindəki “humanitar adalara” yönəltməyi planlaşdırdığını bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken cümə günü bildirib ki, Birləşmiş Ştatlar hələ ki, Rəfahda günahsız insanları İsrailin hücumundan qoruyacaq “aydın və həyata keçirilə bilən plan” görməyib.

İsrailin hücumu davam edir

HƏMAS-ın nəzarət etdiyi Qəzza Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, müharibədə ən azı 31,553 fələstinli həlak olub. Nazirlik öz rəqəmlərində mülki şəxslərlə döyüşçülər arasında fərq qoymur, ancaq ölənlərin üçdə ikisini qadın və uşaqların təşkil etdiyini bildirir.

Əl-Əqsa xəstəxanasının məlumatına görə, şənbə günü səhər saatlarında İsrailin zərbəsi nəticəsində Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində bir ev dağılıb, nəticədə 9-u uşaq olmaqla, azı 19 nəfər həlak olub. Associated Press-in jurnalisti orada cəsədləri görüb.

İsrailin hücumu Qəzzanın 2,3 milyon əhalisinin əksəriyyətini evlərindən didərgin salıb. BMT-nin məlumatına görə, Qəzza əhalisinin dörddə biri aclıq çəkir.

Forum

XS
SM
MD
LG