Accessibility links

Müdafiə Nazirliyi: Azərbaycan Ordusnun mövqeyi və dinc sakinlər atəşə tutulub


Cəbhə xətti
Cəbhə xətti

“Sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib. Düşmən tərəfi xüsusilə Tovuz (Bakıdan 424 kilometr qərb, Ermənistanla sərhəd) rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəynatında deyilir.

Nazirlik bildirir ki, hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb.

“Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib.
Ermənistan tərəfinin bu cür təxribat əməlləri həmişə olduğu kimi Azərbaycanda əlamətdar hadisələr, bayram günləri ərəfəsində törətməsi məqsədyönlü xarakter daşıyır”, sənəddə qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi səhrəddə atışma olduğunu təsdiq edib.

Ermənistan mediasının Müdafiə Nazirliyinə istinadən veridiyi məlumatlarda deyilir ki, Ermənistanın Azərbaycanla sərhəd kəndləri Azərbaycan tərəfdən atəşə tutulub, bir sıra tikililərə ziyan dəyib. İtki barədə məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 11-14-də Ermənistan komanda qərargah təlimləri keçirib. Azərbaycan isə sentyabrın 17-dən 22-dək genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcəyini bəyan edib.

Bunlar sentyabrın 18-də Nyu-Yorkda açılacaq BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində baş verir.

XS
SM
MD
LG