Accessibility links

Azərbaycan hərbçisi həlak olub


Müdafiə Nazirliyi

“Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Tatarov şəhid olub”.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

“Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq”, Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyi də hərbi qulluqçunun döyüş bölgəsində öldürülməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir.

"Bu, bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır. Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", mətbuat xidmətinin rəhbəri qeyd edib.

Ermənistan tərəfi hələ Azərbaycanın bəyanatlarına şərh verməyib.

Bununla yanaşı erməni tərəfi Dağlıq Qarabağda mayın 14-dən 19-dək operativ-taktiki hərbi təlim keçirib. Mayın 19-da Ermənistanın yüksək hərbi rəhbərliyinin iştirakı ilə Dağlıq Qarabağda cəbhə xəttində yerləşən Hadrut rayonunda təlimin yekunları ilə bağlı geniş müşavirə keçirilib. Müşavirədə təlimin yüksək səviyyədə keçirildiyi, ordunun hücun və müdafiə qabiliyyətinin müvəffəqiyyətlə sınaqdan çıxarıldığı bildirlib.

Mayın 18-də isə Ermənistanın xarici işlər naziri Zoqrab Mnaçakanyan və yeni müdafiə naziri David Tonoyan Naxçıvanla sərhəd bölgəsində cəbhə xətində olub. Xarici işlər naziri həmçinin Dağlıq Qarabağda olub.

Xatırladaq ki, Ermənistanıın yeni baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasında Dağlıq Qarabağın tərəf kimi tanınması şərtini irəli sürüb.

Azərbaycan tərəfi danışıqların qeyd-şərtsiz intensiv davam etdirilməsini və nəticəvi olmasını bəyan edib.

Mayın 15-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə münaqişə ilə bağlı yaranmılş son durumu müzakirə və Azərbaycanın danışıqlara hazır olduğunu bəyan edib.

XS
SM
MD
LG