Bu gün sentyabrın 29-da Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli paytaxt Bakıdan təxminən 350 kilometr qərbdə Mingəçevir şəhərində seçicilərlə görüş keçirib.
Turan İnformasiya Agentlinin məlumatına görə, yerli mədəniyyət evində təşkil edilən görüşdə yüzlərlə insan iştirak edib. Tədbiri Müsavat Partiyasının başqanı İsa Qəmbər açıb. O, cənab Həsənlini təqdim edib və onun xidmətləri haqqında danışıb. Müsavat başqanı zala toplaşanları "iflas etmiş hakimiyyətə yox deməyə", "özləri və övladları üçün daha yaxşı gələcəyə, azadlığa və ədalətə" səs verməyə çağırıb.
Görüş başa çatandan sonra Bakıya yola düşən Cəmil Həsənli axşam saatlarında Bakıda gənclərlə daha bir görüş keçirilib.Xətai rayon ərazisindəki Bakı kinoteatrında təşkil edilən Xətai seçiciləri ilə görüş artıq başa çatıb.
Azadlıq qəzetinin əməkdaşınının hadisə yerindən verdiyi məlumata görə, kinoteatr seçicilərlə dolub. "Görüşə gələnlər zala sığmır. Polis zaldan kənarda qalanları ərazidən uzaqlaşdırmaqla məşğuldur. Zala oturacaqların sayından artıq insanın daxil olmasına mane olmağa çalışırlar. Bununla belə görüşə gələnlərin sayı artır" - deyə Azadlıq qəzeti bildirir.