Accessibility links

Cənubi Koreya ABŞ qüvvələrinin maliyyələşdirilməsini artırır


Dövlət Departamenti iki müttəfiq arasındakı əlaqələrdə narazılıqları azaldaraq, Cənubi Koreyanın Birləşmiş Ştatlarla əldə edilmiş razılıq çərçivəsində bu ölkədə yerləşdirilən ABŞ qüvvələrinin xərclərinə yardımını artıracağını bildirib.

Dövlət Departamentinin sözçüsü razılığın Bayden administrasiyasının "dünyadakı demokratik ittifaqlarımızı gücləndirmək və modernləşdirmək öhdəliyini" əks etdirdiyini deyib.

Təklif olunan altıillik "Xüsusi Tədbirlər Sazişi" 2019-cu ilin sonunda bitən əvvəlki razılaşmanı əvəz edəcək. Mətbuat katibi müqavilənin "ev sahibi ölkələrinin dəstək töhfələrində danışıqlarda mənalı bir artım" olduğunu ehtiva etdiyini desə də, daha ətraflı məlumat verməyib.

Cənubi Koreyada Şimali Koreya təhlükəsinə qarşı 28 500 ABŞ əsgəri yerləşdirilib.

Mətbuat katibi əlavə edib ki, Seulun əvvəlki razılaşma çərçivəsində verdiyi töhfələrin 90%-dən çoxu birbaşa Cənubi Koreya iqtisadiyyatına qaytarılıb.

Sabiq ABŞ Prezidenti Donald Trampın Seulun illik 13%-dən çox, təxminən 1 milyard dollar ödəmək təklifini rədd edərək, 5 milyard dollar tələb etməsindən sonra danışıqlar dalana dirənmişdi. Seul hazırda Vaşinqtona ildə təxminən 920 milyon dollar ödəyir.

Razılaşma Cənubi Koreya qanunverici orqanı tərəfindən təsdiqlənməlidir. Cənubi Koreyanın Xarici İşlər Nazirliyi açıqlamasında prinsipial bir razılığın olduğunu təsdiqləyib, lakin heç bir spesifik təklif irəli sürməyib.

“Hər iki tərəf açıq bəyanat verəcək və daxili hesabat prosedurlarını tamamladıqdan sonra şərti imza mərasimi keçiriləcək. Hökumət bir ildən çox davam edən boşluğu doldurmaq üçün sürətli bir şəkildə müqavilə imzalamağa qərar verəcək"- deyə, nazirlik bildirib.

Prezident Co Bayden Tramp dövründəki dördillik gərginlikdən sonra ABŞ-ın tərəfdaşları ilə əlaqələrini canlandıracağına və Rusiya, Çin, İranın yaratdığı problemlərə qarşı vahid bir cəbhə yaradacağına söz verib.

Cənubi Koreyanın təqaüddə olan generalı və ABŞ-ın xüsusi təyinatlı qüvvələrin komandiri ilə çalışan Çun In-bum deyib ki, Tramp inandığını etdi və onun fikirlərinə hörmət edirəm, amma hər şeydən çox onun tələbinin şəklindən məyus oldum.

Cənubi Koreya 1990-cı illərin əvvəllərində müharibə nəticəsində dağılmış iqtisadiyyatını bərpa etdikdən sonra ABŞ qoşunlarının xərclərini ödəməyə başlayıb.

İki ölkə 1950-1953-cü illərdəki Koreya müharibəsinin sonunda ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada yerləşməsinə zəmin yaradan qarşılıqlı müdafiə müqaviləsi imzalayıb.

Son paktın bitməsindən sonra ABŞ ordusunda çalışan təxminən 4000 Cənubi koreyalı ödənişsiz məzuniyyətə göndərilib və bu da iki ölkəni onların işlərinə qayıtmaları üçün tez bir zamanda razılaşma əldə etməyə vadar edir.

Açıqlama Cənubi Koreyanın yüksək səviyyəli diplomatı Jeonq Eun-bonun Vaşinqtona səfəri vaxtı verilib.

ABŞ keçən ay Yaponiyanın illik xərclərini 1,9 milyard dollar səviyyəsində saxlayaraq, təxminən 55 000 ABŞ qüvvəsinin yerləşdirilməsinə dair Yaponiya ilə razılıq əldə edib.

XS
SM
MD
LG