Bazar günü Cənubi Koreyanın keçmiş prezidenti Pak Qın-he vəzifəsinin müddətini başa çatdıra bilmədiyi üçün tərəfdarlarından üzr istəyib.
Pak Qın-he Mavi Ev adlanan prezident sarayını Konstitusiya Məhkəməsi onun korrupsiya qalmaqalı səbəbilə vəzifədən azad edilməsinə dair qərar çıxarandan iki gün sonra tərk edib.
O, bazar günü Seulda yerləşən şəxsi evinə geri dönüb. Orada Pak Qın-henin yüzlərlə tərəfdarı onun istefaya göndərilməsinə qarşı etiraz edib.
Pak müxbirlərin önündə çıxış etməsə də, onun sözçüsü Pakın bir daha günahsız olduğunu vurğuladığı bəyanatını oxuyub.
“Mən, prezident kimi mandatımı başa vura bilmədiyim üçün üzr istəyirəm. Mən mənə etibar edən və dəstəkləyən hər bir kəsə minnətdaram. Mən bütün bunlara görə məsuliyyəti öz üzərimə götürürəm. Lakin, bir az vaxt alsa da, inanıram ki, həqiqət ortaya çıxacaq,” deyə bəyanatda bildirib.
Cümə günü Konstitusiya məhkəməsi parlamentin korrupsiya qalmaqalı səbəbilə prezident Pak Qın-henin impiçmentinə və vəzifəsindən kənarlaşdırılmasına dair qərarını qüvvədə saxlayıb.
Məhkəmənin qərarına əsasən, Pakın prezident toxunulmazlığı da ləğv edilib.
Prezident Pak uzun illərdir rəfiqəsi olmuş Çoy Sunsillə əlbir olaraq, bir neçə şirkətin iki şübhəli fonda 70 milyon dollar ianə etməsi qarşılığında təəssübkeşlikdə ittiham edilir.
Məhkəmə qərarından sonra 60 gün ərzində yeni prezident seçkisi keçirilməlidir. Yerli medianın verdiyi məlumata görə, seçki mayın 9-da keçirilə bilər.