Accessibility links

Çin ordusu: Tayvan ətrafında təlimlər bazar ertəsi də davam edir


Çin ordusunun bazar ertəsi bildirdiyinə görə, rəsmi Pekin Tayvan ətrafında dəniz və səma təlimlərini davam etdirir.

Çin Xalq Azadlıq Ordusunun Şərq Bölməsi Komandanlığı Veybo sosial mediasında sualtı qayıqlara qarşı hücumlar və dəniz reydləri təlimlərini edəcəyini bildirib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfərindən sonra hərbçilər Tayvan yaxınlığındakı ərazilərdə bir sıra misli görünməmiş hərbi dəniz və hava qüvvələrinin təlimlərini keçirib.

Çinin Müdafiə Nazirliyi bazar ertəsi Pelosinin keçən həftə Taypeyə səfərinə etiraz olaraq ABŞ-la danışıqları dayandırdığını müdafiə edərək, Vaşinqtonun buna “ciddi nəticələrlə” üzləşəcəyi barədə xəbərdarlıq edib.

Pelosinin keçən həftə səfəri özünü idarə edən adanı öz ərazisi hesab edən Çini qəzəbləndirib və buna ilk dəfə Taypey üzərində ballistik raketlərin sınağı ilə cavab verib. Çin həmçinin Vaşinqtonla bəzi danışıqları dayandırıb.

“Tayvan boğazında mövcud gərgin vəziyyət tamamilə ABŞ tərəfin təşəbbüsü ilə yaradılıb və ABŞ tərəf bunun üçün bütün məsuliyyəti və ciddi nəticələri öz üzərinə götürməlidir,” deyə Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib.

Dörd gün davam edən görünməmiş təlimlərin bazar günü başa çatması planlaşdırılırdı.

Təhlükəsizlik planı üzrə mütəxəssis və vəziyyətlə tanış olan bir şəxsin bildirdiyinə görə, Çin və Tayvandan hərəsi 10-a yaxın döyüş gəmisi bazar günü orta xəttin qeyri-rəsmi sahəsi ətrafına yaxın yerlərdə manevr edib.

Adanın Müdafiə Nazirliyi bildirib ki, Çin hərbi gəmiləri, təyyarələri və pilotsuz təyyarələri adaya və onun donanmasına hücumları simulyasiya edib. Nazirlik təyyarələri və gəmiləri “uyğun" reaksiya vermək üçün göndərdiyini deyib.

XS
SM
MD
LG