Accessibility links

2018-ci il aprel seçkiləri ilə bağlı reportaja görə jurnalist məhkəməyə verilib


Sevinc Vaqifqızı və Şahvələd Çobanoğlu

Mayın 27-də Bakının Binəqədi rayon Məhkəməsində hakim Emil Əliyevin sədrliyi ilə 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın jurnalist Sevinc Vaqifqızına (Abbasovaya) qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

İddiaya jurnalistin 2018-ci il 11 aprel prezident seçkilərində Nizami ikinci seçki dairəsinin 25 saylı seçki məntəqəsində səsvermə prosesindən hazırladığı videosüjet səbəb olub.

Bu məntəqə sözügedən məktəbin binasında yerləşirdi.

İddiaçı hesab edir ki, jurnalist onun şərəf və ləyaqətini təhqir edib.

O, Meydan.TV saytından, "Azadlıq" qəzetinin saytından materialın silinməsini, jurnalistin üzr istəməsini və "mənəvi ziyanın" ödənilməsi üçün 2500 manat cərimə edilməsini tələb edir.

İclas saat 10-a təyin edilmişdi. Amma jurnalist məhkəmə zalına daxil olduqda bildirib ki, o gəlmədiyinə görə işə artıq onun iştirakı olmadan baxılıb. Sevinc Vaqifqızı məhkəmənin dəhlizində olduğunu və çağırılacağını gözlədiyini deyib.

Məhkəmə prosesi iyunun 10-na təyin edilib.

Sevinc Vaqifqızı bildirib ki, bir il əvvəl Elmira Alandarova artıq ondan Bakı şəhər Prokurorluğuna şikayət etmişdi və ona qarşı cinayət işi açılmasını xahiş etmişdi. Amma onun əməlində cinayət tərkibi olmadığı üçün iş açılmayıb.

"Montajda olan effektləri, məsələn, kadrın sürətli verilməsini də şərəf və ləyaqətinin alçaldılması hesab edir. Mən o qadının hərəkətlərini müşahidə eləmişəm, müəllimələri məntəqələrə apardığını görmüşəm və səbəbini soruşmuşam. Bir saata yaxın gözlədib, çəkilişə imkan verməyiblər. Halbuki, qanunsuzdur. Sonra da akt tərtib ediblər ki, guya səs-küy salıb, seçkinin gedişini pozuram. Ancaq oradakı imzalar da eynidir. Guya seçici özünün çəkilməsinə etiraz edir. Amma seçicinin adının qarşısındakı imza ilə məntəqə sədrinin imzası eynidir", Sevinc Vaqifqızı bildirib.

O deyib ki, öz dəlillərini təqdim edəcək, müdafiə tərəfi vəsatətlər qaldıracaq.

"Mənim niyyətim yoxdur ki, onun törətdiyi bir hərəkətə görə hər hansı bir kompensasiya ödəyim. Bu video silinmir və Meydan TV-də silinməyəcək. Buna görə üzr istəməyəcəm. Çünki mən hesab edirəm ki, mənim müşahidələrim və orada olan müşhidəçilərin də fikriləri əsas verirdi ki, onun haqqında bu fikri yürüdək", Sevinc Vaqifqızı bildirib.

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib, seçkilərin yekunlarına görə İlham Əliyev ardıcıl olaraq 4-cü dəfə ölkə prezidenti seçilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasi yekun hesabatında hər yerdə səsvermə qaydalarının pozulduğunu, kifayət qədər şəffaflıq olmadığını, seçki bülletenlərinin atıldığını qeyd edib.

XS
SM
MD
LG