Accessibility links

Rəsmi Bakı: 2020-ci ildə Azərbaycanda 6 nəfər mina partlaması nəticəsində həlak olub


Cocuq Mərcanlı kəndi, mina təmizləyən

2020-ci il ərzində Azərbaycan ərazisində 7 mina hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) illik hesabtında deyilir.

ANAMA bildirir ki, 2020-ci il ərzində 7 622 217 m² (762 ha) ərazi yoxlanılıb, 5 669 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd piyada əleyhinə, 3 281 ədəd tank əleyhinə mina (cəmi: 13 513 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

2020-ci il ərzində həmçinin ölkə ərazisində 1 607 720 m² (161 ha) ərazi təmizlənib, 3 613 ədəd partlamamış hərbi sursat (PHS), 4 559 ədəd piyada əleyhinə mina, 3 278 ədəd tank əleyhinə mina (cəmi: 11 450 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 548 851 305 m² (54 885 ha) ərazi təmizlənib, 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci il iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşmalar baş verib, hər iki tərəfdə itkilər olub.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər rayonları və Laçın rayonunun bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Döyüşlərin getdiyi ərazilərdə, hazırda Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyinin, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə ANAMA, Azərbaycan Müdafiə Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyinin minatəmizləyənləri işləyir.

Ekspertlər münaqişə zonasında 100,000-dək minanın olduğunu təxmin edir. Son günlər münaişə zonasında bir neçə mülki şəxs və hərbçi, o cümlədən bir nəfər Rusiya hərbçisi minaya düşərək həlak olub.

Mina partlaması nəticəsində 2021-ci ilin ilk günündə də insanlar ölüb. Rəsmi məlumatlara görə, yanvarın 1-də Füzuli rayonu ərazisində mülki şəxs Zabil Babayev və Qubadlı rayonu ərazisində Azərbaycan ordusunun hərbçisi Vasif Məhərrəmov minaya düşərək həlak olub.

Amerika İcmalı

Amerika İcmalı - 8 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG