Accessibility links

“2018-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti: Siyasi repressiyalar” adlı hesabat


“2018-ci ildə Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti daha da ağırlaşıb. Bu il ərzində müxalifətə, vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı təzyiqlər artıb. İstər beynəlxalq qurumların, istərsə də yerli hüquq müdafiə təşkilatlarının 2018-ci illə bağlı hesabat və rəylərinə diqqət yetirdikdə, 2017-ci illə müqayisədə bu sahədə ciddi irəliləyişin baş vermədiyini görmək olar. Azərbaycanda insan haqlarının vəziyyətinə dair göstəricilər azad olmayan ölkələr kateqoriyasına uyğun olub.” Bu barədə “Sumqayıt Gənclərinin Hüquqi Maarifəndirilməsi” İctimai Birliyi “2018-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti: Siyasi repressiyalar” adlı heabatında deyilir.

Keçən il Azərbaycanda siyasi repressiyalar daha ağır vəziyyət alıb.

Sənəddə bildirilir ki, 2018-ci ildə Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı üzrə götürdüyü öhdəliklərə əməl etməyib.

“Azərbaycan hakimiyyəti insan haqları məsələsinə dair beynəlxalq təşkilatlarla aparılan danışıqlarda siyasi spekulyasiyaları davam etdirib. Hakimiyyət siyasi məhbus məsələlərinə görə, bütün beynəlxalq çağırışlara tam hörmətsizlik nümayiş etdirib. Azərbaycanda media azadlığının təmin olunması istiqamətində nəinki heç bir irəliləyiş baş verməyib, əksinə jurnalistlərin polis təzyiqlərinə məruz qalması adi hal alıb. Keçən il Azərbaycanda siyasi repressiyalar daha ağır vəziyyət alıb,” hesabatda qeyd edilir.

Hesabatda insan hüquqları 2018-ci ildə medianın vəziyyəti, siyasi məhbuslar, işgəncələr və zorakılıq, vətəndaş cəmiyyəti, sərbəst toplaşmaq hüququ, növbədənkənar prezident seçkiləri, məhkəmə sistemi və tövsiyələr bölməsində təhlil edilir.

ATƏT-in Cənubi Qafqazda KİV azadlığı konfransı
ATƏT-in Cənubi Qafqazda KİV azadlığı konfransı

Sənədin "medianın vəziyyəti" bölümündə həbsdə olan jurnalistlər və blogerlərin adları sadalanır, saytlara girişin bloklanması, cərimələr və jurnalistlərin inzibati həbsə məhkum edilməsi və cərimələnmələri barədə məlumatlar yer alıb.

“Azərbaycanda jurnalistlərin həbsinin başlıca səbəbi mediada hökumətin fəaliyyətini tənqid etməsi, ölkədə korrupsiya, rüşvətxorluq faktları ilə bağlı araşdırmalar aparması və diffamasiya ilə bağlıdır. Son 7 ildə Azərbaycanda siyasi hakimiyyət tərəfindən jurnalistlərin təzyiqlərə məruz qalması davam edib. Hakimiyyət 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə jurnalistlərin həbsini davam etdirib və media təmsilçilərinin azadlığa buraxılmasına dair beynəlxalq təşkilatların çağırışlarına əməl etməyib,” hesabatda qeyd edilir.

Əgər 2015-ci ildə Azərbaycanda siyasi məhbusların sayı 130 nəfər təşkil edirdisə, 2018-ci ildə bu göstərici 150 nəfərdən çox olub.

"Siyasi məhbuslar" bölümündə Avropa Şurasının sənədlərinə istinadən bildirilir ki, Azərbaycan məhbusların sayına görə Avropada 3-cü yerdədir. Azərbaycanda hər 100 min nəfərə 248,5 nəfər məhbus düşür.

“Əgər 2015-ci ildə Azərbaycanda siyasi məhbusların sayı 130 nəfər təşkil edirdisə, 2018-ci ildə bu göstərici 150 nəfərdən çox olub. Bu isə Azərbaycanda siyasi məhbusların sayının artdığını, onların azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinin beynəlxalq çağırışlara əməl etmədiyini təsdiq edir.

Azərbaycandakı siyasi məhbusları 3 kateqoriyaya aid etmək olar, - müxalifət fəalları, jurnalistlər və blogerlər, dini baxışlarına və fəaliyyətinə görə həbs edilənlər.”

Sənədin “İşgəncələr və zorakılıq” bölümündə deyilir ki, 2018-ci ildə Azərbaycanda siyasi repressiyalar daha ağır vəziyyət alıb.

Siyasi məhbuslar
Siyasi məhbuslar

“Bu il ərzində ölkədə işgəncələr, zorakılıq halları davam etdirilib və bu proses çoxsaylı ölümlə nəticələnib. İşgəncələrdən və qətllərdən siyasi motivli əməliyyatlarda daha çox istifadə olunub,” sənəddə işgəncə halları və hüquq mühafizə orqanları tərəfindən silahlı müqavimət fonunda öldürüldüyü bildirilən insanların adları sadalanır.

“Sərbəst toplaşmaq hüququ” bölümündə bildirlir ki, bu hüquq 2018-ci ildə daha çox məhdudlaşdırılıb.

“Azərbaycanın bölgələrində kütləvi aksiyaların, mitinqlərin, görüşlərin, piketlərin keçirilməsinə yerli icra hakimiyyəti orqanları tərəfindən heç bir halda icazə verilmir. İcazəsiz etiraz aksiyası keçirməyə səy göstərən vətəndaşlar isə polis zorakılığına məruz qalır. 2018-ci ildə mitinqlərlə bağlı çox sayda şəxs inzibati qaydada həbs olunub və yüzlərlə fəal polis idarələrinə aparılıb. Bakıda və regionlarda onlarla bitərəf və müxalifət partiyalarının üzvlərini polisə çağırıb mitinqə getməməklə bağlı xəbərdarlıq və təhdid ediblər.”

2018-ci ildə mitinqlərlə bağlı çox sayda şəxs inzibati qaydada həbs olunub və yüzlərlə fəal polis idarələrinə aparılıb.

“Vətəndaş cəmiyyəti” böümündə deyilir ki, Avropa Şurası Parlament Assambleyasının 2018-ci ilin iyun sessiyasında Lüksemburqdan olan deputat İv Kruşenin təqdim etdiyi məruzədə də Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin ciddi pisləşdiyi ölkələr siyahısına daxil edilib.

“Qanunvericiliklə qeyri-hökumət təşkilatlarının xarici fondlardan qrant almaq hüququ qadağan edilib. Bu gün Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan bütün ictimai qurumların fəaliyyəti, bank hesabları bloklanmış vəziyyətdədir və aktiv fəaliyyət göstərməsinə imkan verilmir. 2018-ci ildə vətəndaş cəmiyyəti fəallarından hüquq müdafiəçilərinin də təzyiqlərə və təqiblərə məruz qalması, saxlanılması halları da müşahidə olunub.”

“Məhkəmə sistemi” bölümündə deyilir ki, 2018-ci ildə Azərbaycanda məhkəmə sistemi icra hakimiyyətindən siyasi cəhətdən asılı olaraq qalıb.

Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

“Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti hələ də yoxdur. Məhkəmə sistemi rüşvətxorluğun ən geniş yayıldığı sahələrdən biridir. Məhkəmə Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur və həmin şəxs Azərbaycan prezidenti İlham Əliyevin yaxın qohumudur. Məhkəmələr prokurorluq orqanlarının və hökumətin sifarişini yerinə yetirir,” hesabatda qeyd edilir.

Öz növbəsində, rəsmi Bakı ölkədə bütün fundamental hüquqların, o cümlədən söz, mətbuat, toplaşmaq azadlıqlarının tam təmin edildiyini bildirir. Dövlət rəsmiləri insanların əqidəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bəyan edir. Eyni zamanda, hüquq mühafizə orqanları, o cümlədən Penitensiar Xidmət işgəncə və qeyri-insani rəftarla bağlı deyilənləri təkzib edir. Rəsmilər korrupsiya və rüşvət hallarına qarşı kəsərli mübarizə aparıldığını deyir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə 150-dək siyasi məhbusun olduğunu bildirir. Amnesty İnternational ondan çox insanı “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq təşkilatlar onadək jurnalist və blogerin həbsdə olduğunu bəyan edib. Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifəndirilməsi” İctimai Birliyi (QHT) 28 may 2000-ci ildə bir qrup universitet tələbəsi tərəfindən yaradılıb. Təşkilat uzun müddət dövlət qeydiyyatına alınmadığı üçün məhkəməyə müraciət edib. Məhkəmənin 02 fevral 2007-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi birliyi rəsmən 28 fevral 2007-ci ildə qeydiyyata alıb.

XS
SM
MD
LG