Accessibility links

2015-ci ildə ləğv edilmiş Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilib


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.

Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, yaxın vaxtlarda generalların həbsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mövlan Şıxəliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, Nizami Şirinov isə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olub.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

Həbs edilənlər fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub.

Baş Prokurorluğun 2016-cı ildə “MTN işi” ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

2018-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev isə 12 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

Həmçinin iş üzrə təqsirləndirilən Natavan Mürvətovaya 5 il şərti cəza verilib, Elşad Əzizov, Eşqin Əliyev və Anar Şirəliyevin hər biri 3 il sınaq müddəti olmaqla azadlıqdan şərti məhrum ediliblər.

2017-ci il oktyabrın 30-da isə Bakı Hərbi Məhkəməsi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovu 12 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin hökmündə Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakının dövlətin xeyrinə müsadirə olunması da əksini tapıb. Məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.

Məhkəmənin hökmü ilə Çovdarovun tabeliyində olan köməkçiləri Səlim Məmmədov 11, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin aprelində prezidentin koronavirusla bağlı imzaladığı əfv sərəncamı ilə keçmiş MTN-nin idarə rəisləri olmuş Akif Çovdarov və Sübahir Qurbanov yaşları ilə əlaqədar əfv olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG