Accessibility links

2012-ci ildə rüşvət almaqda şübhəli bilinən şəxslər həbs edilib


Rüşvət

2012-ci ildə Zaqatala və Balakən rayonlarında baş verən zəlzələ nəticəsində evləri dağılmış şəxslərdən rüşvət almaqda şübhəli bilinən Heyran Əlbəşirova və onun əri Balağa Əlbəşirov barəsində 2019-cu ilin iyununda həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, o zaman özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Milana Xoçperova kimi təqdim etmiş Heyran Əlbəşirovanın qanunsuz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Heyran Əlbəşirovanın, əri Balağa Əlbəşirovla cinayət əlaqəsinə girməklə nazirliyin saxta xidməti vəsiqəsini hazırlamasına, özbaşına özünü həmin dövlət qurumunun məsul işçisi kimi təqdim edərək 2012-ci ilin may ayında Balakən və Zaqatala rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsinin təşkil edilməsi adı ilə etibarlarından sui-istifadə edərək ümumilikdə 21 nəfərə məxsus cəmi 24 min manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla həmin şəxslərə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,” məlumatda deyilir.

Baş Prokurorluq qanunsuzluqlara məruz qalan vətəndaşlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə məlumat vermələrini xahiş edir.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən təbii fəlakət və fövqəladə halların nəticələrindən zərər çəkən vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər həyata keçiriləcəkdir.

Xatırladaq ki, hələ 2013-cü ilin aprelində “Kür” vətəndaş cəmiyyəti Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yaydığı hesabatında korrupsiya faktlarından danışılırdı. Vətəndaş cəmiyyəti o zaman hüquq mühafizə orqanlarını korrupsiya faktlarını araşdırmağa çağırmışdı. (http://www.contact.az/ext/news/2013/4/free/Want%20to%20Say/az/10198.htm)

“2012-ci ildə Azərbaycanın Şimal-Qərb rayonlarında baş vermiş zəlzələ zonasında vəziyyət kritik olaraq qiymətləndirilir. “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev tərəfindən təqdim edilən dörd rayonda – Şəki, Qax, Zaqatala və Balakən rayonlarındakı vəziyyət haqqında son hesabatda göstərilirdi ki, 2010-cü il Kür daşqını zamanı olduğu kimi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması yüksək səviyyədə korrupsiya, vəsaitlərin mənimsənilməsi və digər sui-istifadələrlə müşaiyət olunur,” hesabatda deyilir.

Xatırladaq ki, ilk 6 bal gücündə zəlzələ 7 may 2012-ci ildə baş verib və episentri Zaqatalada olub. Episentri Balakəndə olmaqla eyni gücdə ikinci zəlzələ sentyabrda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi 8 may 2012-ci ildən 10 fevral 2013-cü ilədək 33 276 evə baxış keçirib və 5059 evin qəza vəziyyətində olduğu, 5905 evin əsaslı təmirə, 11027 evin isə yüngül təmirə ehtiyac olduğu barədə rəy verib.32 kənd məktəbinin, habelə 200 sosial obyektin, həmçinin 90 ailə üçün çoxmənzillik evin tikintisi planlaşdırılıb. Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 320 mln. manat ayırıb.

XS
SM
MD
LG