Accessibility links

2020-ci ilin dövlət büdcəsi-fərqli baxışlar


2020-ci ilin dövlət büdcəsi
2020-ci ilin dövlət büdcəsi

Azərbaycan Milli Məclisi noyabrın 13-də 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Milli Məclis
Milli Məclis

Büdcənin gəlirləri və xərcləri

2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat (14 196 470 588 ABŞ dolları), xərcləri 26 milyard 913 milyon manat (15 831 176 470 ABŞ dolları), icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faizdir


Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur.

Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsaitin daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14 milyon manat az transfert nəzərdə tutulur.

Samir Şərifov
Samir Şərifov

Maliyyə naziri: Büdcə sosialyönümlüdür

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək.

“Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.”

Nazirin sözlərinə görə, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və orta müddətli dövrdə də davam etdiriləcək.

2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır ki, bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulub.
Samir Şərifov, maliyyə naziri


Şərifov bildirib ki, 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır ki, bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulub.

Nazir qeyd edib ki, 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.

2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.

Şərifov deyib ki, müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüququ mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc: Məmur biznesi özünü doğrultmadı

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc büdcə müzakirələri zamanı deyib ki, hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır.

“Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturların hamısını əhatə edir”.

Zahid Oruc hesab edir ki, yeni elitanın formalaşmasında hamı öz töhfəsini verməlidir.

“Ölkə başçısının irəli sürdüyü əsas məsələlərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır”.

Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturlarının hamısını əhatə edir.
Zahid Oruc, Milli Məclisin deputatı


Deputatın fikrincə, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir.

“Amma Azərbaycanda bu rəqəm aşağıdır. Halbuki prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər. Bu gün ölkədə əmək bazarına daxil olanların 60 %-i texniki peşə və ali təhsili olmadan daxil olur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq,” o qeyd edib.

Zahid Oruc hesab edir ki, Azərbaycanda səhm bazarı formalaşmayıb.

“Kim isə qiymətli kağızlar bazarından dividend və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq,” deputat belə deyib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Monopoliyaya son qoyulmalı, bərabər imkanlar şəraiti yaradılmalıdır

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, rəhbərlik etdiyi siyasi partiya 2020-ci ilin dövlət büdcəsi ilə bağlı məlumatları araşdırmaqda davam edir.

Heç kəsə sirr deyil ki, korrupsiyanın yüksək səviyyədə olmasına görə büdcədən ayrılan vəsaitlərin böyük bir hissəsi aidiyyatı üzrə xərclənmir.
Arif Hacılı, Müsavat Partiyasının başqanı


“Müstəqil ekspertlərin rəylərini öyrənirik. Hələliksə onu deyə bilərəm ki, 2020-ci ilin dövlət büdcəsi proqnozlarının 24.5 mld manata yaxın olduğu, bunun ötən ildəkindən 5.7% artıq olması hakimiyyətə yaxın ekspertlər tərəfindən irəliləyiş kimi dəyərləndirilir. Halbuki, bir il ərzində inflyasiyanın faizi daha yüksək olub. Eyni ilə büdcə gəlirlərində qeyri-neft sektorundan daxil olan vəsaitlərin həcminin artdığı qeyd edilsə də neft gəlirləri yenə də büdcənin əsasını təşkil etməkdədir. Heç kəsə sirr deyil ki, korrupsiyanın yüksək səviyyədə olmasına görə büdcədən ayrılan vəsaitlərin böyük bir hissəsi aidiyyatı üzrə xərclənmir. Buna görə ilk növbədə ölkədə korrupsiyaya, iqtisadi sahələr üzərində monopoliyaya son qoyulmalı, bərabər imkanlar şəraiti yaradılmalıdır,” o qeyd edib.

Rövşən Ağayev
Rövşən Ağayev

Rövşən Ağayev: Büdcə müzakirəsi sürətinə görə top onluqda yer alar

İqtisadçı Rövşən Ağayev büdcə layihəsinin parlamentin yalnız bir plenar iclasında birinci oxunuşda qəbul edilməsindən təəccüblənib.

Nə proqramlar və strategiyalar üzərindən müzakirə edilir, nə bu büdcə ilə qısa və orta dövrdə hansı nəticələrin əldə olunacağı dartışılır, nə sahə qurumlarının rəhbərləri çıxıb öz büdcələrini əsaslandırmırlar.
Rövşən Ağayev, ekspert


“Əslində bu cür ildırım sürətli müzakirənin hər hansı effekti yoxdur. Nə proqramlar və strategiyalar üzərindən müzakirə edilir, nə bu büdcə ilə qısa və orta dövrdə hansı nəticələrin əldə olunacağı dartışılır, nə sahə qurumlarının rəhbərləri çıxıb öz büdcələrini əsaslandırmırlar. Yeri gəlmişkən, dünən deputat Siyavuş Novruzov deyib ki, bizdə prezidentli respublika olduğuna görə sahə qurumlarının rəhbərlərinin gəlib hər birinin öz büdcəsini əsaslandırmasına ehtiyac yoxdur.
Yanlış müqayisədir. Türkiyə prezidentli siyasi sistem keçdi, amma yenə hər nazir öz büdcəsini təqdim edir, proqram və startegiyalar ilə büdcə arasında əlaqəni təqdim edir, parlament qarşısında xərcləri əsaslandırır. Parlamentdə büdcə müzakirələrinin sürətinə görə dünya reytinqi tərtib edilsə, biz top 10-luqda yer alarıq,” iqtisadçı qeyd edib.

Ekspertin fikrincə, vətəndaş cəmiyyəti artıq büdcəni rəqəmlər üzərindən analiz etməkdən daha çox effektiv xərclənmə, müzakirə prosesinin effektivliyi, büdcə şəffaflığı kimi məqamları önə keçirməlidir.

Qubad İbadoğlu, iqtisadçı
Qubad İbadoğlu, iqtisadçı

Qubad İbadoğlu: Hüquq mühafizə orqanlarının saxlanması xərcləri 43,7 faiz artırılır

İqtisad elmləri doktoru Qubad İbadoğlu parlament müzakirələri zamanı deputat Vahid Əhmədovun təkliflərini dəstəkləyir.

“Yenə orada həqiqəti deyən Vahid Əhmədovdur. Onun son müzakirə zamanı "bir sıra hallarda ölkədə tenderlər düzgün keçirilmir. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir. Xüsusilə də dövlət büdcəsinin xərc hissəsinə nəzarət gücləndirlməlidir” və "biz 10 ildən çoxdur qanun qəbul etmişik. Təklif edirəm ki, yanvarın 1-dən gəlir deklarasiyasını tətbiq edək” fikirlərini birmənalı şəkildə bölüşürəm.

Təəssüflər olsun ki, müstəqil və azad sahibkarların üzünə həmin parkların da qapıları bağlıdır.
Qubad İbadoğlu, ekspert


Eyni zamanda Vahid Əhmədovun Milli Məclisdəki büdcə müzakirələri zamanı söylədiyi başqa bir fikrə də münasibət bidlirmək istərdim. Vahid müəllim qeyd edir ki, son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib”. İqtisadçılar üçün çox maraqlı açıqlamadır. Belə ki, sənaye parklarına qoyulan 3,3 milyard dollar və ya 5,61 milyon manat sərmayənin müqabilində cəmisi 180 milyon dollarlıq və ya 306 milyon manatlıq məhsul ixrac olunub ki, bu da sərmayənin 5,45 faizi deməkdir. Bu da sənaye parkları layihəsinin uğursuzluğunun göstəricidir. Bu uğursuzluğun ən azı 2 səbəbini göstərmək istərdim. Birincisi, sənaye parklarına və məhəllərinə qoyulan sərmayələr şəffaf deyil, bu layihəyə investisiyalar barədə məlumatlar başqaları kimi şişirdilib. İkincisi, orda yaradılmış əlverişli şəraitdən bəhrələnən əsasən nomenklatur ailə və oliqarx biznes subyektləridir. Təəssüflər olsun ki, müstəqil və azad sahibkarların üzünə həmin parkların da qapıları bağlıdır,” ekspert qeyd edib.

Qubad İbadoğlu bildirib ki, büdcədə hüquq mühafizə orqanlarının saxlanması xərcləri 43,7 faiz artırılır.

“Növbəti ilin büdcəsində kəskin artıma məruz qalan xərc maddələrindən biri də məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləridir. Gələn il üçün nəzərdə tutulan bu xərc maddəsi ötən illə müqayisədə bütövlükdə 655 milyon 331 min 737 manat və ya 49,7 faiz artacaq. Bu artımın 448 milyon 726 min 224 manatı və ya 68,5 faizi hüquq mühafizə orqanlarının payına düşəcək. Müqayisə olunan dövrdə hüquq mühafizə orqanlarının saxlanması xərci də 448 milyon 726 min 224 manat və ya 43,7 faiz artacaq,” ekspert bildirib.

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramov: Elmi impact məqalələrin sayına görə Azərbaycan dünyada 92-ci yerdədir

İqtisad elmləri doktoru Vüqar Bayramov 2020-ci ilin dövlət büdcəsində elmə ayrılan xərclərin az olduğunu bildirir.

Unutmayaq ki, ölkənin dayanıqlı inkişafı həm də və əslində daha çox elmin inkişafından keçir.
Vüqar Bayarmov, ekspert


“2020-ci ilin dövlət büdəcəsində elm xərcləri üçün 193,7 milyon manat nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il elm xərcləri 26 913 milyard manatlıq dövlət büdcəsi xərclərinin 1 faizindən də az olacaq. Məsələ ondadır ki, büdcədən elmə daha az vəsaitin ayrılması qlobal impact jurnallarda çap edilən Azərbaycan alimlərinin elmi məqalələrinin sayına təsir göstərməkdədir. Belə ki, beynəlxalq “Scimago Journal & Country Rank” şirkətinin qiymətləndirilməsinə görə, elmi impact məqalələrin sayına görə Azərbaycan dünyada 92-ci yerdədir. Qonşu Gürcüstan bizdən 10 pillə öndədir. Rusiya 13, Ukrayna 42, Belarus 66, Qazaxıstan 76-cı yerləri bölüşürlər. Göründüyü kimi, əksər MDB ölkələri müqayisədə aparıcı elmi jurnallarda daha az elmi məqalələrimiz çap olunur. Bu baxımdam, elm xərclərinin məbləğinə baxılması və xüsusən də impact jurnallarda çap olunmaq üçün təşviqedici metodlardan istfadə olunmalıdır. Unutmayaq ki, ölkənin dayanıqlı inkişafı həm də və əslində daha çox elmin inkişafından keçir.”

Ekspert həmçinin dövlət büdcəsindən qrantlar üçün ayrılan vəsaitlərin xərclənməsinin düzgün aparılmadığını bildirib.

“2020-ci ilin dövlət büdcəsindən “Qrantlar və digər ödənişlər” üçün 409,4 milyon manat ayrılacaq. Bu cəmi büdcə xərclərinin 1,5 faizi deməkdir. Bu maddə üzrə gələn il bu il ilə müqayisədə 6 dəfə çox vəsait ayrılması nəzərdə tutulur. Belə ki, 2019-cu ildə bu istiqamətə 67.8 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 0,3 faizidir. Qrantlar və digər ödənişlər üçün nəzərdə tutulan vəsaitin artırılması bəlkə də sual doğurmaya bilər. Amma məsələ ondadır ki, həmin vəsaitin necə xərclənməsi və xüsusən də hansı təşkilatların bu qrantlardan istifadə etdiyi əksər hallarda aydın deyil. Əksər dövlət qurumları qrantlar ilə bağlı elanları ya ictimailləşdirmirlər, ya da müraciət üçün vaxti qısa müəyyənləşdirilər və hətta elanlarda müəyyənləşən zamanın əsas hissəsi qeyri-iş günlərinə təsadüf edir. Məsələn, hətta uzun qeyri-iş günləri olan Novruz Bayramında elanların verilməsi hallarına da təsadüf edilir. Nəticədə, müsabiqələrdə rəqabətin yaranmasının qarşısı alınaraq vəsaitlərin bölüşdürülməsi həyata keçirilir. Problem ondadır ki, ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatları bu imkandan yararlana bilmir. 4 mindən artıq QHT sadəcə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinə ayrılan 6 milyon manata yaxın vəsaitə müraciət edə bilir.

Nəticədə, digər dövlət qurumlarının təşkil etdiyi sosial tenderlər və qrant müsabiqələrində iştirak imkanları məhdud olaraq qalır,” o qeyd edib.

XS
SM
MD
LG