Accessibility links

Şi Tsinpin Çin Kommunist partiyasının qurultayında imkanlar və sınaqlardan danışıb


Çin prezidenti Şi Tsinpin Kommunist partiyasının mühüm qurultayının açılışında etdiyi çıxışı zamanı ölkəsinin imkanlar və sınaqlarla qarşılaşdığını deyib.

Çin Kommunist partiyasının qurultaya toplaşmış iki mindən çox nümayəndəsi qarşısında nitq söyləyən prezident Şi bildirib ki, Çin “ölkənin xüsusiyyətlərini təəssüm etdirən sosializmin dövrünün yeni mərhələsinə qədəm qoyur”. O, Pekinin bazar iqtisadiyyatına əsaslanan daha çox islahatlara imkan verəcəyinə söz verib, lakin hökumətin dövlətə məxsus şirkətlərin idarə edilməsində daha böyük rol oynayacağını deyib.

“Perspektivlər parlaqdır, lakin problemlər də ağırdır”, o, qurultay nümayəndələrinə bildirib.

Prezident Şi həmçinin korrupsiyaya qarşı ciddi səylərin davam etdirilməsinə söz verib. Onun beş il hakimiyyətdə olduğu müddəti ərzində Çin Kommunist partiyasının 1 milyondan çox rəsmisi cəzalandırılıb.

Prezident Şi Çinin müasir tarixində ən güclü liderlərdən biridir. Onun partiyanın bir həftə sürəcək qurultayı zamanı partiya lideri kimi ikinci müddətə seçiləcəyi gözlənilir. Hər beş ildə bir dəfə keçirilən qurultay zamanı həmçinin bir neçə yeni partiya lideri də seçiləcək. Buraya siyasi büronun daimi komitəsinin yeni üzvləri də daxildir. Lakin Şinin başçılığı ilə anti-korrupsiya səylərində əsas müttəfiqlərdən biri olan Vanq Qişangin təqaüd yaxşına çatmasına baxmayaraq, siyasi büroda qalacağı gözlənilir. Bununla prezident Şinin 2022-ci ildə ikinci dönəm hakimiyyəti başa çatdıqda hakimiyyəti saxlamasına zəmin yaradıla bilər.

Prezident Şinin rəhbərliyinin gücləndirilməsinə yönəlmiş tədbirlərdən biri onun adının Çin Kommunist partiyasının əsasını qoyan Mao Tsedun və iqtisadi islahatları ilə Çini qlobal iqtisadi qüdrətə çevirmiş Den Syaopinin adları ilə bərabər komnstitusiya salınıb-salınmaması ilə bağlı ola bilər.

XS
SM
MD
LG