Accessibility links

Çin populyar Wikipedia onlayn resursunu qadağan etməsindən 13 il sonra, özünün onlayn ensiklopediyasını yaratmağa başlayıb. Bunun üçün hökümət hətta on minlərlə tədqiqatçını işə cəlb edib.

2011-ci ildən planlaşdırılmasına baxmayaraq, Çinin onlayn ensiklopediya layihəsi üzərinə iş bu yaxınlarda başlayıb. Çin rəsmilərinin verdiyi məlumata görə, layihə üzərində işlər növbəti ildə tamamlanacaq.

İstifadəçilər tərəfindən yazılan və yoxlanılan Wikipedia-dan fərqli olaraq, Çinin onlayn ensiklopediyasında məlumatların kimlər tərəfindən daxil edilməsi hökümət tərəfindən müəyyən ediləcək.

Layihənin baş redaktoru Yanq Muzhi müxbirlərə bildirib ki, “Çin Ensiklopediyası kitab yox, mədəniyyətin Böyük Səddi olacaq”. Wikipedia-nın onların layihəsinə rəqib olduğunu söyləyən Yanq, Çin Ensiklopediyasında hər biri 1000 sözdən ibarət 300,000-nə yaxın məqalənin olacağını deyib. Bu isə o deməkdir ki, yeni ensiklopediya Wikipedia-nın Çin dilindəki versiyası həcmində olacaq.

Yeni layihə Çin Ensiklopediyanın üçüncü nəşri hesab edilir. 1993-cü ildə ilk dəfə kitab halında nəşr edilən ensiklopediya dünyanın ən məşhur ensiklopediyası olan Britannica-ya rəqib olaraq hazırlanmışdı.

Ekspertlər bildirir ki, Çin Ensiklopediyasının əvvəlki nəşrlərində siyasi mövzuları əhatə edən həssas məqalələr çıxarılmışdı. Çinli İnternet istifadəçiləri Wikipedia-nın bir qisminə çıxışa sahib olsalar da, Honq Konq və Tibet kimi siyasi həssas mövzularla bağlı məqalələrə daxil olub, oxuya bilmirlər.

Gələn il Çində istifadəyə veriləcək onlayn ensiklopediyada eyni şəkildə məhdudiyyətlər qoyulacağı gözlənilir. Baş redaktor Yanqın sözlərinə görə ensiklopediya vəzifəsi “ictimaiyyəti istiqamətləndirmək” olmalıdır.

XS
SM
MD
LG