2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.113 cinayət qeydə alınıb. Onların 93,1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Bu barədə Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında daxili işlər naziri Ramil Usubov bildirib.
Onun sözlərinə görə, il ərzində məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər təqsirləndirilən şəxs tutulub.
“İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarış işinin göstəricisi 71,4 faiz təşkil edib”.
Daxili işlər naziri deyib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib.
“Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib”.
Usubov bildiribki, 2017-ci ildə 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. Qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Onun sözlərinə görə, ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 32 min 500 cinayət işinin istintaqı aparılıb ki, onlardan 84 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub.
“İstintaqı tamamlanmış 9.085 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2016-cı illə müqayisədə 14,5 faiz yaxşılaşaraq 84,9 faiz təşkil edib”.
Nazirin fikrincə, artıq beşinci ildir yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalma müşahidə olunur.
“Yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 17,6 faiz artaraq 3.365.417 inzibati xəta təşkil edib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2016-cı illə müqayisədə 17,2 faiz çox və ya 3.481.458 protokol tərtib edilib”, o qeyd edilib.