Accessibility links

Neftçilərin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb


Xəzərdə estakada
Xəzərdə estakada

Dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğunun mətbuat xidmətinin məlumata görə, istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Butkada olan 10 neftçi itkin düşüb. Onlardan indiyədək yalnız birinin cəsədi tapılıb.

XS
SM
MD
LG