Accessibility links

Co Bayden Amerikanın 46-cı prezidenti kimi and içdi


Co Bayden Amerikanın 46-cı prezidenti kimi and içdi
please wait

No media source currently available

0:00 0:02:52 0:00

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Amerika tarixində bənzərsiz inaqurasiya mərasimində and içdikdən sonra Birləşmiş Ştatların 46-cı prezidenti oldu. Kapitoli binası qarşısında andiçmə mərasimi paytaxt Vaşinqtonda indiyə qədər görünməmiş güclü təhlükəsizlik tədbirləri fonunda keçirilib.

Keçmiş prezident Barak Obama dövründə vitse-prezident olmuş demokrat Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi and içdi. İnaqurasiya mərasimi iki həftə əvvəl keçmiş prezident Donald Tramp tərəfdarlarının hücum etdiyi Kapitoli binası qarşısında keçirildi.

Bayden hücum və seçkilərin nəticələrini dəyişmək səyləri ilə bağlı açıq mesaj verdi: “Demokratiya zərifdir. Hazırkı anda demokratiya zəfər çaldı.”

Bayden daha sonra nitqində ölkəni birlikdə irəliləməyə çağırdı.

“Siyasət öz yolundakı hər şeyi yandırıb yaxan alov olmalı deyil. Hər bir fikir ayrılığı total müharibə üçün əsas olmalı deyil. Və biz faktların manipulyasiya olunduğu, hətta uydurulduğu mədəniyyəti rədd etməliyik.”

Bayden prezidentliyə 400 mindən çox amerikalının həyatını itirməsinə səbəb olan koronavirus pandemiyası da daxil olmaqla, bir sıra böhranlarla qarşılaşaraq başlayır.

“Virusun yayılmasının ən ağır və ölümcül dövrünə qədəm qoyuruq. Siyasəti bir tərəfə qoymalı və nəhayət bu virusa qarşı bir ölkə olaraq durmalıyıq.”

Ona ABŞ tarixində bu vəzifəni tutan ilk qadın, ilk qaradərili və hind mənşəli ilk qadın olan vitse-prezident Kamala Harris kömək edəcək.

Müasir tarixdə ilk dəfə olaraq prezident Tramp inaqurasiya mərasimində iştirak etməmək və xələfini Ağ Evdə qarşılamamaq kimi seçim edib. Onun əvəzinə mərasimdə vitse-prezident Mayk Pens iştirak edib. Lakin Bayden Tramp tərəfdarlarına mesaj göndərib.

“Mənimlə razı deyilsinizsə, elə də olsun. Bu, demokratiyadır. Bu, Amerikadır. Bu, dinc şəkildə razılaşmamaq hüququdur.”

Bayden vəzifəsinin icrasına iqlim dəyişikliyi ilə mübarizə, mühacirət islahatlarını həyata keçirmək və Amerikanın xaricdə imicini bərpa etmək kimi hakimiyyətdə ilk dönəm gündəmində onun güclü tərəfdaşı - Demokratların nəzarətində olan ABŞ Senatı və Nümayəndələr Palatasının dəstəyi ilə başlayır.

“Biz ittifaqlarımızı bərpa edəcəyik və dünya ilə yenidən qarşılıqlı əlaqədə olacağıq. Dünənki sınaqları deyil, bu günün və sabahın sınaqlarını qarşılamaq üçün.”

Prezident vəzifəsinə gələn ən yaşlı insan olan Bayden administrasiyasının gündəmini həyata keçirməyə intensiv 10 günlük proqramla başlayır. Buraya yeni iqtisadi yardım paketi ilə Amerika iqtisadiyyatını bərpa etməyə yeni cəhd daxildir.

XS
SM
MD
LG