Accessibility links

Co Bayden nominasiya nitqində amerikalıları birliyə çağırdı


Amerikanın siyasi səhnəsində 50 ilə yaxın vaxt keçirmiş Co Bayden cümə axşamı Demokratlar Partiyasının prezidentliyə nominasiyasını qəbul edib. O, amerikalılara Ağ Evdə bir prezidentlik dönəmi xidmət etmiş Respublikaçı Prezident Donald Trampı vəzifədən azad etməyin vaxtı gəldiyini bildirib.

"Bu, Amerikanın gələcəyini uzun dönəmə müəyyən edəcək həyat əhəmiyyətli seçkidir," Co Bayden bildirib.

“Biz birlikdə Amerikada bu qaranlıq mövsümü geridə qoya bilərik və qoyacağıq,” Bayden Birləşmiş Ştatlar koronavirus pandemiyası ilə üzləşdiyi və milyonlarla insan iş yerlərini itirdiyi bir vaxt söyləyib. “Biz qorxu yerinə ümid, uydurma yerinə faktlar, imtiyaz yerinə ədaləti seçəcəyik,” o deyib.

Bayden yarım saat çəkən nitqində Trampın yoluxucu xəstəliyin yayılmasına görə “məsuliyyəti öz üzərinə götürmədiyi” və “rəhbərlik etməkdən boyun qaçırdığını” iddia edib.

"Bildiyimiz budur ki, bu prezidentə əlavə dörd il verilsə, son dörd ildə olduğu prezident olacaq - elə bir prezident ki, öz üzərinə məsuliyyət götürmür, liderlik etməkdən boyun qaçırır, günahı başqalarının üstünə yıxır, diktatorlarla mehribanlıq edir, bölücülüyü və nifrəti alovlandırır," Bayden bildirib.

“Bu qədər zaman sonra prezidentin pandemiyaya qarşı mübarizə planı yoxdur. O, Amerikanı müdafiə edə bilməyib. Və, mənim amerikalı dostlarım, bu, bağışlanmazdır,” Demokrat namizəd bəyan edib.

Siyasi konvensiyalar

Baydenin nitqi Delavar ştatının Vilminqton şəhərinə yaxın yerdəki mərkəzdə keçirilən Demokratların virtual Milli Qurultayının dördüncü və sonuncu gecəsində baş tutub. Qurultayda Baydeni alqışlayan və Trampın prezidentliyinə hücum edən lentə alınmış və ya canlı çıxışlar olub.

Tramp və Respublikaçılar bazar ertəsindən başlayaraq dörd günlük virtual milli partiya qurultayında Demokratlara cavab verəcəklər. Lakin Tramp cümə axşamı Pensilvaniyanın Old Forc şəhərinə ziyarəti zamanı “əgər Baydenin prezidentliyi zamanı həyatınızın necə olacağını xəyal etmək istəyirsinizsə, Minneapolisdəki yanan xarabaqlıqları, Portlanddakı zorakı anarxiyanı, Çikaqonun qanlı şəkilərini xatırlayın və Amerikanın hər bir şəhərində yaşanacaq qarışıqlığı gözünüzün önünə gətirin,” deyib.

36 il boyunca ABŞ senatoru və səkkiz il boyunca sabiq prezident Barak Obamanın rəhbərliyi altında vitse-prezident vəzifəsində çalışmış Bayden çıxışında Trampın adını çəkməsə də, dəfələrlə onun ABŞ lideri olaraq keçirdiyi 3.5 ili tənqid edib.

Bayden Trampı xaricdəki diktatorlarla mehribanlıq etməkdə, eyni zamanda ənənəvi müttəfiqlərlə əlaqələri azaltmaqda ittiham edib.

"Mən öz müttəfiqlərimiz və dostlarımızla çiyin-çiyinə dayanacaq prezident olacağam. Mən rəqiblərimizə aydın edəcəyəm ki, diktatorlarla mehribanlıq etmək günləri arxada qaldı," o deyib.

“Sistematik irqçilik”

Bayden indi Birləşmiş Ştatlarında “sistemin iqrçiliyi yerli-köklü aradan qaldırmaq” kimi ağır iş görməyin vaxtının çatdığını deyib.

“Mən hər zaman inanmışam ki, Amerikanı bir sözlə xarakterizə etmək olar: imkanlar. Amerikada hər kəsə xəyallarının və Allahın onlara verdiyi bacarıqlarının onları aparacağı qədər uzağa getmək imkanı verilməlidir,” Bayden bildirib.

Demokrat namizəd deyib ki, "mən həmişə insan haqları və ləyaqətinə hörmət bəsləyən dəyərlərimizi müdafiə edəcəyəm."

Bayden noyabrın 3-də keçiriləcək seçkidə qalib gəlsə və gələn yanvar ayında inaqurasiya olsa o, 78 yaşında ən yaşlı ABŞ prezidenti olacaq.

Vitse-prezidentliyə namizəd

Bayden bir neçə ay öncə vitse-prezidentliyə qadın namizəd seçəcəyinə söz vermişdi. O, həftələrlə bir neçə seçimi nəzərdən keçirəndən sonra nəhayət ötən həftə Kaliforniya senatoru Kamala Harrisi vitse-prezidentliyə namizəd göstərib.

Baydenin bu ilin əvvəlində partiya praymeriləri və kokuslarında məğlub etdiyi bəzi Demokratlar, o cümlədən Vermont senatoru Berni Sanders bu həftə konvensiyada çıxış edərək, Baydenin namizədliyini dəstəkləyib.

Bundan əlavə Baydenin dəstəkçiləri arasında yer alan sabiq prezident Barak Obama və sabiq birinci xanım Mişel Obama da Trampın ABŞ lideri kimi uğursuz olduğunu deyiblər. Onlarla yanaşı bəzi Respublikaçılar da Baydenə dəstəklərini ifadə edib. Onlar arasında Ohayo ştatının keçmiş qubernatoru Con Keysik və sabiq dövlət katibi Kollin Pauel yer alıb.

XS
SM
MD
LG