Accessibility links

Co Bayden Konqresin birgə iclasında çıxış etdi


Co Bayden
Co Bayden

ABŞ Prezidenti Co Bayden Konqresin birgə iclasında çıxışında 4 trilyon dollarlıq xərcləmə planını irəli sürdü və yanvar ayında vəzifəsinin icrasına başlayandan bəri bir sıra tarixi böhranlarla mübarizədə ümumi performansını təriflədi.

Prezident çərşənbə günü çıxışında dedi ki, o, tarixdəki ən pis pandemiya, Böyük böhrandan bəri ən pis iqtisadi böhran və “Vətəndaş Müharibəsindən bəri demokratiyamıza ən pis hücumla üzləşən böhran içində bir ölkəni" miras alıb.

Co Bayden vəzifədəki 100-cü günün ərəfəsindəki çıxışını qiyamçıların yanvarın 6-da Nümayəndələr Palatasında ələ keçirdiyi otaqda etdi. Həmin gün Tramp tərəfdarları hüquq-mühafizə orqanlarını yan keçərək Baydenin noyabr ayında seçkidə Tramp üzərində əldə etdiyi qələbənin təsdiq olunmasının qarşısını almaq məqsədilə zorla ABŞ Kapitolisinin binasına daxil olmuşdular.

Kapitoliyə hücum nəticəsində beş nəfər həyatını itirib. 400-dən çox insan müxətlif ittihamlarla həbs olunub.

“Kapitoliyə hücum edən zorakı kütlənin demokratiyamızı ləkələməsinin görüntüləri canlı şəkildə ağlımıza həkk olunub. İnsanların, bir çoxumuzun həyatı risk altında idi. Həyatlar itirildi. Qeyri-adi cəsarət tələb olundu.”

ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

Prezident dedi ki, qiyam “ekzinstensial böhran idi, bizim demokratiyamımızın ayaqda qalıb-qalmayacağının sınağı idi, və demokratiyamız bu sınaqdan keçdi.”

Bayden 65 dəqiqəlik çıxışının böyük bir hissəsini ölkədaxili məsələlərə ayırsa da, Amerikanın sərhədlərindən kənarda baş verən məsələlərə də toxundu.

Prezident dedi ki, o, Çin Prezidenti Şi Tsinpinə Birləşmiş Ştatların Hind-Sakit Okean regionunda güclü hərbi mövcudluğunu davam etdirəcəyini və bunu “Avropada NATO üçün etdiyi kimi, münaqişə başlatmaq məqsədilə deyil, hər hans bir münaqişənin qarşısını almaq üçün” edəcəyini deyib.

Bayden Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və hökumət və bizneslərə qarşı kiber-hücumlarına mütənasib şəkildə cavab verdiyini dedi. Lakin, prezidentin sözlərinə görə, bu, Vaşinqtonla Moskva arasında nüvə silahlarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə mümkün əməkdaşlığa əngəl törətmir.

Bayden çıxışında amerikalı uşaqlara və ailələrə milli hökumətin yardımına 1.8 trilyon dollarlıq artım təklif etdi. Həmin plana uşaqlar üçün iki illik hökumət tərəfindən ödənilən məktəbəqədər təhsil və gənc amerikalılar üçün iki illik pulsuz ictimai kollec təhsili daxildir ki, bunların hamısı ölkənin ən zənign insanları və korporasiyalarının vergilərinin artırılması sayəsində maliyyələşdiriləcək.

Prezident dedi ki, infrastruktur, iş yerlərinin yaradılması və təhsilə böyük xərclərin olması düzgündür, çünki “Çin və başqa ölkələr sürətlə ABŞ-a yaxınlaşırlar.”

Əgər Konqres planı təsdiq etsə, milli hökumət bu xərclərlə amerikalıların həyatlarına daha böyük təsir göstərəcək ki, bu, əksər Respublikaçı qanunvericilərin istədiyindən daha böyük, amma bəzi proqressiv Demokratların xəyal etdiyindən daha kiçik müdaxilədir.

Respublikaçılar onun infrastruktur və ailə məsələlərinə xərclərlə bağlı planlarının çox baha başa gəldiyini deyirlər və Baydenin korporasiyalar və ən zəngin amerikalıların vergilərini artırmaq planlarını atəşə tuturlar.

Tim Skott
Tim Skott

Rəqib partiyanın televiziyada yayımlanan cavabını təqdim edən Senatdakı yeganə qaradərili Respublikaçı, cənubi karolinalı Tim Skott Baydenin Tramp administrasiyasının vaksin istehsalı sahəsində başlatdığı nailiyyətləri və son onillərin ən inklüziv iqtisadi siyasətini təhvil aldığını dedi.

“Bizi bir araya gətirməyə söz verən prezident bizi ayıran gündəm irəli sürməməlidir,” Skott əlavə etdi.

Skottun Senatdakı Respublikaçı həmkarlarından biri olan texaslı Ted Kruz bəyanatında Baydenin çıxışını daha çox tənqid edərək dedi ki, Baydenin nitqi “onun ölkəmizlə bağlı sosialist düşüncələrini” vurğuladı və “mən onun çıxışını üç sözlə xülasə edə bilərəm: darıxdırıcı, amma radikal.”

Bu həftə Real Clear Politics-in keçirdiyi rəy sorğuları amerikalıların 53 faizinin Baydenə dəstək verdiyini göstərib.

Bayden çıxışında administrasiyasının amerikalıları koronavirusa qarşı vaksinləməkdə əldə etdiyi erkən nailiyyətləri vurğuladı. Belə ki, ölkədə artıq 200 milyondan çox doza vaksin tətbiq edilb, baxmayaraq ki, ümumi ölüm halları 573,000-ə çatıb.

ABŞ rəsmiləri bu həftə maska taxmaqla bağlı məsləhətlərini yüngülləşdiriblər, amma milyonlarla amerikalı müxətlif səbəblərdən dolayı vaksin olmağı rədd edir və ya iki-dozalı vaksinin ikinci dozasını vurdurmur.

“Gedin, vaksin olun,” deyə, Bayden çərşənbə günü çıxışında çağırış etdi.

Ölkədaxili xərclərdən əlavə Bayden həmçinin “Birinci Amerika”mövqeyini tutan və beynəlxalq sazişlərdən geri çəkilən Trampdan fərqli olaraq başqa ölkələrlə birlikdə dünya səhnəsində üzərinə liderlik rolunu almaq məqsədini müzakirə edib.

ABŞ Prezidenti Co Bayden, ABŞ-ın Vitse-Prezidenti Kamala Harris və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi
ABŞ Prezidenti Co Bayden, ABŞ-ın Vitse-Prezidenti Kamala Harris və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi

İran və Şimali Koreyanın nüvə proqramları ilə bağlı isə Bayden dedi ki, onun administrasiyası “müttəfiqlərimizlə bu iki ölkənin törətdiyi təhlükələrə qarşı diplomatiya və sərt yayındırma yolu ilə mübarizə aparacaq.”

O əlavə etdi ki, Amerika rəhbərliyi “Əfqanıstanda müharibəni həmişəlik sonlandırmağı nəzərdə tutur.”

Baydenin və Konqresdəki Demokratların “onun çıxışında vurğulanan bir çox təkliflərə gətirib çıxaracaq real müzakirələr aparmağa istəkli olub-olmadıqlarını zaman göstərəcək,” İkipartiyalı Siyasət Mərkəzinin prezidenti Ceyson Qrumet Amerikanın Səsinə açıqlamasında bildirib.

“Administrasiyanın infrastrukturu müasirləşdirmək, işçiləri ödənişli məzuniyyətlə təmin etmək, uşağa baxımı gücləndirmək kimi təkliflərə tarixən hər iki partiya güclü dəstək verib, lakin administrasiya Respublikaçıları prosesdən kənarda tutan qanunvericilik prosesi yürütdüyü təqdirdə bunu davam etdirmək mümkün olmayacaq.”

XS
SM
MD
LG