Accessibility links

Coca-Cola Azərbaycanda yeni zavod tikəcək


Bu gün, fevralın 1-də İqtisadiyyat Nazirliyi və “Azərbaycan Coca-Cola Bottlers” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq. Müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcəkdir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində bildirib ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan İqtisadiyyat Nazirliyi və Coca-Cola şirkəti ilə birlikdə Azərbaycanda yeni Coca-Cola qablaşdırma zavodu üçün planları müzakirə etmək üçün təşkil olunan mərasimdə iştirak edib.

Səfir Litzenberger qeyd edib ki, Coca-Cola Azerbaijan-ın Azərbaycan bölgələrindən birində yeni bir qablaşdırma zavodunu inşa etməsi planları, həm şəhərdə həm də kənddə yaşayan bütün azərbaycanlıların rifahını yaxşılaşdırmağa dair öhdəliklərin daha bir nümunəsidir.

"Coca-Cola”nın Azərbaycandakı səylərini təqdirəlayiq sayıram və korporativ sosial məsuliyyət idealları əsasında işləyən bir Amerika şirkətinin gördükləri işlərdən qürur duyuram. Coca-Cola-nın yeni qablaşdırma zavodu yeni iş yerləri yaradacaq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün öz mühüm töhfələrini verəcəkdir,” o qeyd edib.

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən Coca-Cola ölkənin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. 400 nəfərdən artıq əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.

Şərhlərə bax

XS
SM
MD
LG