Accessibility links

Con Herbst: Kreml hər iki ölkə üzərində təsirini gücləndirmək üçün onlar arasındakı mübahisədən sui-istifadə etməyə razıdır


Con Herbst: Kreml hər iki ölkə üzərində təsirini gücləndirmək üçün onlar arasındakı mübahisədən sui-istifadə etməyə razıdır
please wait

No media source currently available

0:00 0:07:39 0:00

ABŞ-da qərargahlanan Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Co Baydenlə Vladimir Putin arasında bu ay Cenevrədə keçirilən sammit fonunda ABŞ və Rusiya arasında Cənubi Qafqaz üzərində əməkdaşlığın potensialını, Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğunun mümkün risklərini, habelə İranda ulta-mühafizəkar Rəisinin prezident seçilməsinin Cənubi Qafqaz və Orta Asiyaya təsirlərini şərh edib.

Amerikanın Səsi: Səfir Herbst, ötən həftə ABŞ Prezidenti Co Bayden və onun rusiyalı həmkarı Vladimir Putin Cenevrədəki sammiti müsbət tonda başa çatdırdılar, lakin iki ölkə arasında hələ də bir çox fikir ayrılıqları mövcuddur. Bəzi müşahidəçilərin fikrincə, iki ölkə arasında rabitə kanallarının açılması bəzi məsələlərdə, o cümlədən Cənubi Qafqazda münaqişənin həlli məsələsində əməkdaşlıq etmək ehtimalı üçün mühümdür. Sizcə Birləşmiş Ştatlar və Rusiya regionda sülh və sabitliyi təmin etmək üçün necə əməkdaşlıq edə bilərlər?

Con Herbst: Bu çox çətin sualdır. İlk öncə mən Cenevrədəki görüşün səmimiliyini şişirtməzdim. Mən düşünürəm ki, Prezident Bayden açıq şəkildə bildirdi ki, o, Putinin düzgün davranıb-davranmayacağını və Kremlin xarici siyasətinin təhrik edici olduğunu qəbul edib-etməyəcəyini gözləyəcək. Bayden kiber hücumarla bağlı açıq xəbərdarlıq etdi, o Navalnıya rəftarla bağlı açıq xəbərdarlıq etdi, habelə Moskvanın Ukraynada və başqa yerlərdə yürütdüyü siyasəti tənqid etdi.

O həmçinin açıq şəkildə bildirdi ki, əgər başqa kiber hücumlar olsa, Birləşmiş Ştatlar cavab verəcək, ABŞ Kremlin təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə davam edəcək.

O dedi ki, sammitin uğurlu olub-olmadığını bilmirik və Kremlin davranışlarından asılı olaraq bir neçə ay boyunca da bilməyəcəyik .

Ona görə də, mən Baydenin böyük irəliləyişlərin olacağını gözlədiyini düşünmürəm. O sadəcə olaraq Putinin anlamasını istəyir ki, Rusiyanın yanlış davranışları davam etdiyi təqdirdə, Birləşmiş Ştatlar buna sərt cavab verəcək. Bu, sizin sualınıza ümumi cavabdır.

Cənubi Qafqaza gəldikdə isə ötən payız orada müharibə baş verdi. Azərbaycan iki ölkə müstəqillik əldə edəndən bəri Ermənistanın nəzarət etdiyi ərazilərin böyük bir hissəsini geri ala bildi. Azərbaycan bunu qismən Türkiyənin güclü dəstəyi səbəbilə edə bildi.

Ermənistan Rusiyanın Azərbaycanın əldə etdiyi bəzi irəliləyişlərin qarşısını almaq üçün münaqişənin əvvəlində müdaxilə etməməsinə təəcüblənmişdi. Moskva nəhayət müdaxilə etdi və döyüşlərə son qoydu və bunu müəyyən mənada Ermənistana qoşun yerləşdirməklə etdi.

Və, zənnimcə, Rusiya həm də bunu Türkiyənin nüfuzunun qarşısını almaq üçün etdi.

Məncə Moskva Cənubi Qafqazdakı cari vəziyyətdən razıdır. Amma eyni zamanda onlar Türkiyənin oraya qoşun yerləşdirməsi ilə təsirinin artmasına görə təəssüflənə bilər.

Mən ehtimal edirəm ki, Kreml Cənubi Qafqazda gərginliyi daha da azaltmağa yardım etmək istəmir, amma başqa bir münaqişənin olmasını da istəmir. Məncə elə mövcud vəziyyət Rusiyanın xoşuna gəlir.

Birləşmiş Ştatlar da müharibənin bitməsinə görə məmnundur. Bu yaxşı bir haldır. ABŞ zorakılıqların yenidən başlamasını istəmir və Ermənistanla Azərbaycan arasında daha böyük anlaşma təşviq etmək istəyir. Məncə Kremlin məqsədi isə bu deyil. Kreml hər iki ölkə üzərində təsirini gücləndirmək üçün iki ölkə arasındakı mübahisədən sui-istifadə etməyə razıdır.

Amerikanın Səsi: Rusiyanın vasitəçilik etdiyi atəşkəs ötən il Azərbaycanla Ermənistan arasında hərbi münaqişəyə son qoymağa yardım etdi. Lakin bəzi təhlilçilər bildirir ki, gələcəkdə münaqişənin yenilənməsi ehtimalı var. Rusiya münaqişə bitəndən sonra Dağlıq Qarabağa öz qoşunlarını yerləşdirdi. Sizin fikrinizcə Rusiyanın regionda hərbi mövcudluğunun mümkün riskləri nələrdir?

Con Herbst: Məncə Rusiyanın hərbi mövcudluğu zorakılıqların yenidən başlamaq ehtimalını çox azaldır. Və bu həm də o deməkdir ki, Moskva Ermənistan və mümkündür Azərbaycan üzərində təsirini artırıb. Düşünürəm ki, Rusiyanın oraya qoşun yerləşdirməsinin əsas təsirləri bunlardır.

Amerikanın Səsi: Bir başqa razılıq altında Rusiya ilə Türkiyə Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət etmək üçün birgə monitorinq mərkəzinin yaradılmasına razılaşıblar. Türkiyənin Cənubi Qafqazda maraqlarının artması fonunda Ankara regional əməkdaşlıqda hansı rol oynaya bilər?

Con Herbst: Bu maraqlı sualdır. Məncə monitorinq mərkəzi ilə bağlı razılıq Türkiyə üçün bir qələbə idi.

Mən düşünürəm ki, Moskva anladı ki, Ankaranın ötən payızda baş verən münaqişədəki rolunu nəzərə aldıqda onları oradan uzaq tutmaq çətin olacaqdı.

Türkiyə çox maraqlı bir vəziyyətdədir.

Mən deyərdim ki, Türkiyə Azərbaycanın əsas dəstəkçisi idi. Ona görə də onlardan müəyyən qədər asılılıq var.

Amma zənnimcə Azərbaycanın hərbi qələbəsini nəzərə aldıqda Türkiyə Ermənistanla Azərbaycan arasında müəyyən dərəcədə əməkdaşlığı təşviq etməkdə maraqlı olar.

Əgər bu doğrudursa və əgər Türkiyə Bakı üzərindəki təsirindən istifadə edərək əməkdaşlığı təşviq etsə, o zaman məsələ Yerevandan asılı olacaq ki, onlar bu müharibədən sonra buna qarşılıq vermək istəyəcəklər, ya yox.

Mənim indi söylədiklərim hipotetikdir, bunların heç biri baş verməyib. Amma mümkündür.

Və məncə təkcə Cənubi Qafqazdakı vəziyyət səbəbilə deyil, Vaşinqtonla əlaqələri baxımından da bu cür rol oynamaq Türkiyənin marağındadır.

Amma yenə də bunu söyləmək həyata keçirməkdən daha asandır.

Amerikanın Səsi: ABŞ və NATO qoşunlarının Əfqanıstandan geri çəkdiyi bir vaxt Orta Asiyadakı dinamikalar necə dəyişə bilər? ABŞ-ın regionda yüksək səviyyədə daha aktiv rol oynamasına və Orta Asiya ölkələri ilə daha güclü münasibətlər qurmasına dair çağırışlar var. Sizcə Amerikanın regiona daha çox diqqət yetirəcəkmi?

Con Herbst: ABŞ-ın indi Orta Asiyaya daha çox diqqət ayırması ağıllı bir seçim olardı, xüsusilə də qüvvələrini Əfqanıstandan çıxardığı bir vaxt, amma təkcə bu səbəbdən də deyil.

Orta Asiya həqiqətən də strateji bir regiondur.

Həmin region Birləşmiş Ştatların iki böyük rəqibi, Çin və Rusiya ilə sərhəd bölüşür. Bundan əlavə regionla sərhəddə əhəmiyyətli gücə sahib ölkələr var. Məsələn Pakistan və İran. Və əlbəttə ki, Birləşmiş Ştatların artan strateji münasibətləri olan Hindistan da regionda, və ya regiona çox yaxın yerdə yerləşir.

Orta Asiyanın sabit və həqiqətən də müstəqil, xüsusilə də bir tərəfdən Rusiyadan bir tərəfdən isə Çindən müstəqil olması Amerikanın marağındadır.

O regionun həm də inkişaf etməsi də vacibdir, çünki sabitlik qismən inkişafdan asılı olacaq.

Yəni bizim orada ciddi maraqlarımız var, amma Vaşinqtondakı siyasətçilər bu maraqları tam olaraq dərk etmir.

Bir sözlə mən Amerikanın Orta Asiyadakı böyük rolunu istisna etmirəm. Bu bir gözlənti deyil, amma şübhəsiz ki, mən bunu həvəsləndirirəm.

Amerikanın Səsi: İranda ultra-mühafizəkar şiə ruhani İbrahim Rəisi prezident seçkisinin qalibi oldu və bununla da sərt xətt tərəfdarları hökumətin bütün qollarına tam nəzarəti ələ keçirdi. İranla ABŞ arasında gərginliyin yüksək olduğu bir vaxt, İrandakı bu yeni dəyişiklik Qafqaz və Orta Asiyaya necə təsir göstərə bilər?

Con Herbst: Mənim Qafqaz ölkələrinə yazığım gəlir, çünki onların qonşuları birlikdə yaşamağın asan olmadığı ölkələrdir. Şimalda Rusiya, cənubda İran.

Məsələ budur ki, bu, Azərbaycan üçün, elə Gürcüstan və Ermənistan üçün də müsbət bir hal deyil.

Bu o deməkdir ki, Bayden administrasiyasının İranla nüvə razılığına geri dönməsi çətinləşəcək.

Buna onsuz da müqavimət var idi, indi ABŞ-da bu müqavimət daha da artıb.

Mən düşünürəm ki, ABŞ bu müqavimətə baxmayaraq razılığa geri dönəcək. Amma yeni rəhbərlik altında İranla müsbət və səmərəli əlaqə qurmaq çətinləşəcək və bu əlaqələrin nəticə vermək ehtimalı çox aşağıdır. Yəni bu həm bizim üçün, həm də Cənubi Qafqazdakı hər üç ölkə üçün məsələləri çətinləşdirən bir amildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG