Vaşinqtonda Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynada və Özbəkistanda keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Azərbaycan-Ermənistanda sərhədində son hərbi eskalasiya, Rusiyanın vasitəçiliyi ilə atəşin dayandırılması, Moskvanın Cənubi Qafqaz regionunda prioritetləri və ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülhün yaradılması səylərində rolu haqda danışıb.
Amerkanın Səsi: Bu həftə Ermənistan və Azərbaycan arasında eskalasiyanın güclənməsi baş verdi, tərəflərin itkiləri barədə məlumat verildi. Bunun ardınca Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edildi. Sizin fikrinizsə, iki ölkə arasında noyabrın 16-da hərbi eskalasiyaya nə səbəb ola bilərdi?
Con Herbst: Düzünü desəm, bunu kimin başladığını dəqiq bilmirəm. Mən bilirəm ki, Ermənistan və Azərbaycanın mövqeləri bir-birinə çox yaxındır və adətən müharibədə olan insanlara görə atəşlə bağlı insidentlər ola bilər. Ola bilsin ki, belə bir atəş heç bir xüsusi məqsəd olmadan baş verib və sonra güclənib, ancaq biz bunu bilmirik.
Amerkanın Səsi: Vəziyyətin gərginləşməsindən sonra Rusiya Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilməsinə yenidən vasitəçilik edib. Bəzi müşahidəçilər son gərginlikdən sonra Rusiyanın sülhməramlı rolunu şübhə altına alır. Sizin bu haqda fikriniz nədir?
Con Herbst: Moskvanın sülhməramlı rolunun niyə şübhə altına alındığını başa düşürəm. İnanıram ki, onların siyasəti idarə olunan münaqişəni təşviq etməkdən ibarətdir. Başqa sözlə, onlar Ermənistanla Azərbaycan arasında ziddiyyətli vəziyyətdə üstünlük görürlər, lakin açıq müharibədə maraqlı deyillər. Bu, çox proqnozlaşdırılmayan vəziyyətdir və potensial olaraq çox təhlükəlidir. Amma onlar iki tərəf arasında fikir ayrılıqlarını saxlamaqda maraqlıdırlar.
Eyni zamanda, Rusiya olmasa belə, Ermənistanla Azərbaycan arasında ciddi fikir ayrılıqları var və mən inanıram ki, Moskva bu halda zorakılıq səviyyəsinə nəzarət etməyə kömək etdi. Yəni atəşkəs əsasən Moskvanın vasitəçiliyi ilə yaradılıb və bu, məncə, müsbət hal idi.
Amerkanın Səsi: Cənab səfir deyə bilərsinizmi, Rusiyanın Cənubi Qafqazda planları nədən ibarətdir?
Con Herbst: Düşünürəm ki, Moskva hələ də bütün keçmiş Sovet İttifaqı ərazisində, o cümlədən Cənubi Qafqazda tam nəzarət etdiyi günü arzulayır. Lakin bu gün çox fərqli bir mühit olduğunu qəbul edir və bunun üçün daha incə vasitələrə ehtiyac var. Yenə də, mənim fikrimcə, Azərbaycan və Ermənistanın misalında bu incə vasitələrdən sülh yolu ilə nizamlanma istiqamətində qətiyyətli addımların atılmaması üçün istifadə olunur ki, onlar Yerevanda özlərini Ermənistanın müdafiəçisi kimi göstərə bilsinlər və Bakı ilə də silah satışı da daxil olmaqla münasibətləri davam edə bilsinlər.
Biz bilirik ki, Gürcüstanla münasibətlər yarı düşmən münasibətlərdir və təbii ki, onlar Gürcüstanın ərazisini işğal ediblər.
Amerkanın Səsi: Səfir Herbst, sizcə, Rusiyanın regionda hərbi mövcudluğu hansı risklər yaradır?
Con Herbst: Mən hesab edirəm ki, Ermənistanın ərazisində yerləşdiyi üçün bu, onun davranışı üçün məhdudiyyətdir. Bu, təkcə Ermənistanın təhlükəsizlik siyasəti deyil, həm də Ermənistanın daxili siyasətinə aiddir. Biz bilirik ki, Moskvanın Ermənistanda bütün istiqamətlərdə çox böyük təsiri var.
Hesab edirəm ki, bu, həm də Azərbaycan üçün bir məhdudiyyətdir. Əgər Azərbaycan əlavə ərazilər ələ keçirməkdə maraqlı olsaydı, məncə, ruslar bunun qarşısını alardı. Bu həm də Türkiyənin davranışını məhdudlaşdırır. Bakının keçən il müharibədəki uğuru Türkiyənin hərbi dəstəyi sayəsində mümkün olub. Moskvanın sülhməramlılar adlanan gücləndirilmiş hərbi mövcudluğu Türkiyənin bunu təkrarlamaq imkanını məhdudlaşdırır.
Amerkanın Səsi: Sizin fikrinizcə, keçən il müharibədən sonra regionun siyasi landşaftı necə dəyişib?
Con Herbst: Müharibədən əvvəl aydın idi ki, Ermənistan Azərbaycana məxsus ərazilərin nəzarətini özündə saxlayır. İndi bu, müharibə nəticəsində dəyişib və Azərbaycanın Ermənistanı məğlub edə bilib-bilməyəcəyini Türkiyənin yardımı olmadan təsəvvür etmək çətindir. Məncə, əsas məsələ budur.
Amerkanın Səsi: Regionun İran kimi digər gücləri haqda nə söyləmək mümkündür?
Con Herbst: İran əslində faktiki olaraq Ermənistanın müttəfiqidir. Onlar Azərbaycanın bu müharibədə qalib gəlməsindən, Türkiyənin dəstəyindən narazıdır. Tehranla Ankara arasında da münasibətlər gərgindir. Lakin İran Ermənistan üçün mühüm iqtisadi tərəfdaşdır və təkcə Ermənistan üçün deyil. Lakin mən hesab edirəm ki, İranın Qafqazda təsiri tamamilə yəqinliklə ikinci dərəcəli xarakter daşıyır. O, Türkiyə və ya Rusiya qədər təsir gücünə malik deyil.
Amerkanın Səsi: Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında intensiv döyüşlər barədə məlumatlardan dərin narahatlığını ifadə edib və hər iki tərəfi eskalasiyanı azaltmaq üçün təcili konkret addımlar atmağa çağırıb. Minsk Qrupunun həmsədrlərindən biri kimi, sizcə, ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesində daha böyük rol oynamaq üçün nə edə bilər?
Con Herbst: Mən ABŞ-ın daha böyük rol oynadığı görmək istərdim. Düşünürəm ki, ABŞ-ın müharibədən sonra birincisi, həqiqətən sabit sülhün bərqərar olmasına çalışmaq, ikincisi isə ölkələrin əməkdaşlığın hansısa formasına keçə bilməsi üçün nə edə biləcəyini öyrənmək məqsədilə Türkiyə, Azərbaycan və Ermənistanla əlaqə saxlaması çox yaxşı olardı. Mən bilirəm ki, həm Türkiyədə, həm də Azərbaycanda siyasətçilər sənayenin inkişafı da daxil olmaqla nəqliyyat dəhlizi konsepsiyası haqda danışır. Fikrimcə, Ermənistan bu konsepsiyaya, ən azı, nəqliyyat dəhlizi konsepsiyasına çox şübhə ilə yanaşır, lakin nəqliyyat dəhlizi kontekstində müzakirə edilən fərdi biznes layihələrinə bəlkə də o qədər də şübhə ilə yanaşmır.
Buna görə də mən Birləşmiş Ştatların bunu araşdırdığını görmək istərdim. Lakin Bayden administrasiyası kardrları tədricən işə götürür və Qafqaz hələ administrasiyanın diqqət mərkəzinə çevrilməyib. Düşünürəm ki, bu dəyişəcək, amma hələ daha bir neçə ay sürə bilər.