Accessibility links

ABŞ dövlət katibinə Azərbaycandakı durumla bağlı açıq məktub ünvanlanıb


Secretary of State John Kerry
Secretary of State John Kerry

Turan agentliyinin məlumatına görə, amerikalı ekspertlər, siyasətçilər və Azərbaycan diasporunun nümayəndələri ABŞ dövlət katibi Con Kerriyə açıq məktub göndərib.

“Biz Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsindən çox narahatıq. Jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, hüquq müadfiəçilərinin, dindarların, müxalifət xadimlərinin həbsi Rusiya və Belarusda birlikdə olduğundan iki dəfə çoxdur”, məktubda deyilir.

“Hökumət yerli və xarici QHT-ləri, “Azadlıq” radiosunu hədəf seçib. Yüksək vəzifəli məmurlar çirkin antiqərb siyasəti ilə məşğuldur. Bütün bunlar Amerika-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı ciddi narahatlıq yaradır və Azərbaycan hökumətinin ATƏT, Avropa Şurası və digər təşkilatlar qarşısında götürdüyü öhdliklərə sadiq olduğunu şübhə altına alır”, müraciətdə qeyd olunur.

Bununla əlaqədar müəlliflər Dövlət Departmentini belə olan vəziyyətdə zəruri addımlar atmağa çağırır.

Vətəndaş cəmiyyətinin problemləri üzrə ikitərəfli komissiyanın formalaşdırılması Azərbaycan hökumətinin öz vətəndaşlarına qarşı amansız davranışını yumşaltması ilə bağlı özünü doğrultmur.

İnsan hüquqlarının vəziyyətindən narahatlıqla bağlı rəsmi bəyanatlar uzun aylardır ki, nəticə vermir və gələcək komissiyanın nəyisə dəyişəcəyini düşünməyə əsas yoxdur.

“Odur ki, ABŞ insan hüquqlarının kobud şəkildə pozulmasına məsul olan yüksək vəzifəli hökumət məmurlarının aktivlərinin dondurulmasını və onlara viza verilməsinə qadağa qoyulmasını tətbiq etməlidir”, müraciətdə deyilir.

Uzun illər enerji resurslarının ixracatçısı və terrorizmə qarşı mübarizədə təhlükəsizlik üzrə tərəfdaş kimi Azərbaycanın əhəmiyyəti insan hüquqlarının acınacaqlı durumundan üstün olub. Hazırda bu cür yanaşma əsassızdır. Əgər Qərb qətiyyətli addımlar atmasa bu ilin sonunda keçiriləcək parlament seçkiləri dövründə vəziyyət daha da pisləşə bilər.

Hesab edirik ki, ABŞ Azərbaycan hökumətini aşağıdakı addımları atmağa çağırmalıdır:

- bütün siyasi məhbusları azad etməyə;

- müxalifət fəallarının, hüquq müdafiəçilərinin və onların vəkillərinin ailə üzvlərinin təqib edilməsi və qorxudulmasına son qoyulmasına;

-jurnalistlərin hüquqlarına hörmətlə yanaşmağa və onların öz işini maneəsiz yerinə yetirməsinə şərait yaratmağa;

- yerli və xarici QHT-lərə qarşı təqib kampaniyasına son qoymağa, onların fəaliyyətini və maliyyələşdirilməsini məhdudlaşdıran düzəlişləri ləğv etməyə;

- azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün şərait yaratmağa;

- xarici yayımların hakimiyyətin təzyiqi olmadan öz işini davam etdirməsinə icazə verməyə.

Azərbaycan hazırkı avtoritar siyasətini davam etdirdiyi halda Qarabağ münaqişəsi də daxil olmaqla, bu və ya digər problemlərin həlli mümkün deyil.

Məktubu imzalayanların arasında ABŞ dövlət katibinin demokraiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “Azadlıq” radiosunun keçmiş direktoru Cefri Qedmin, Freedom House təşkilatının direktoru Mark Laqon, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasota, AZAD təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov və başqaları var.

Rəsmi Bakı hələ açıq məktubda əks olunan fikrilərlə bağlı münasibət bildirməyib.

XS
SM
MD
LG