ABŞ Konqresinin Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən demokrat konqresmen Dən Boren Konqresdə Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri vəzifəsinin icrasına başlayıb.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin yaydığı pres-relizdə deyilir ki, konqresmen Boren 2004-cü ildə Oklahoma ştatından Konqresə üzv seçilib. Dən Boren Konqresin Nümayəndələr Palatasının Təbii Ehtiyatlar Komitəsinin və Kəşfiyyat üzrə daimi Komitəsinin üzvüdür.
İşçi Qrupun yeni demokrat həmsədri olan Dən Boren Texas universitetini bitirib, magistr dərəcəsini isə Oklahoma universitetində alıb. O, Oklahoma ştatında tanınmış siyasətçilərin ailəsində anadan olub. Onun babası Layl Boren (Lyle Boren) 1937-47 illərdə Oklahoma ştatından ABŞ konqresmeni olub. Atası Deyvid Boren isə Oklahoma ştatının qubernatoru və ABŞ senatoru olub. Hazırda isə Oklahoma universitetinin prezidenti və ABŞ prezidentİ Barak Obamanın Kəşfiyyat məsələləri üzrə Məsləhət Şurasının həmsədridir.
Azərbaycan səfirliyinin açıqlamasında deyilir ki, hazırda ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunda 23 demokrat və 15 respublikaçı Konqres üzvü var. Qrupun uzun müddətdir respublikaçı həmsədri Pensilvaniya ştatından konqresmen Bil Şusterdir. ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupu 2004-cü ildə yaradılıb.