Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, dünya boyu COVID-19 pandemiyasından ölənlərin sayı 5 milyonu keçib. Mərkəz bazar ertəsi səhər COVID-in yayılmasından bəri qlobal ölüm hallarının sayının 5 milyon 425 nəfər olduğunu bildirib.
Yeni rəqəm iyun ayında COVID-19-dan qlobal ölüm hallarnın 4 milyona çatmasından bir neçə ay sonra açıqlanıb.
Bu, bəzi ölkələrin vətəndaşlarının peyvəndin birinci dozasını almaları üçün mübarizə apardığı, digər ölkələrin isə əhalisinə üçüncü, gücləndirici dozanı aşılamağa başladığı bir vaxt baş verir.
Ümumdünya Səhiyyə Təşkilatının Romada görüşən Böyük İyirmilik liderlərinə müraciət etdiyi açıq məktubunda zəngin və azgəlirli ölkələr arasında peyvəndlərin paylanmasındakı uyğunsuzluğu vurğulayıb.
“Zəngin və aşağı resurslu ölkələr arasında mövcud peyvənd paylanış fərqi dünyanın ən yoxsul və ən həssas insanların həyatına etinasızlıq nümayiş etdirir. Yüksək gəlirli ölkələrdə hər 100 nəfərə 133 doza COVID-19 peyvəndi düşdüyü halda, aşağı gəlirli ölkələrdə hər 100 nəfərə cəmi 4 doza vurulub” - deyə, açıq məktubda bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının məktubunda eləcə də pandemiya ilə mübarizədə davamlı dəyişiklik üçün hərəkətə ehtiyac olduğu xəbərdarlıq edilib. "Peyvənd ədalətsizliyi hər gün həyatlar bahasına başa gəlir və hər kəsi risk altında saxlamaqda davam edir" - deyə məktubda qeyd olunub.
“Tarix və elm ictimai səhiyyə resurslarının ədalətli paylanması və əlaqələndirilmiş fəaliyyətin COVID-19 kimi qlobal bəlanın qarşısını almağın yeganə yolu olduğunu göstərib. Həyatları xilas etmək, əzabları azaltmaq və davamlı qlobal bərpanı təmin etmək üçün bizə güclü, kollektiv təkan lazımdır” , məktubda deyilib.